"Qarabağ"ın futbolçusu Maksim Medvedev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bu oyunda "Neftçi"nin qələbə qazanacağını gözləyən yəqin ki, az olardı...
- Bu oyunda "Neftçi"nin qələbə qazanacağını gözləyən yəqin ki, az olardı...
- Futbolda hər şey olur. Bu gün oyunumuz alınmadı. Qol imkanları yarada bilmədik. Rəqib isə cərimə zərbəsindən qəşəng qol oldu. Təbrik edirik.
- Sol cinahda oynamağınız nə ilə əlaqədar idi?
- Vəziyyət elə oldu ki, baş məşqçi sol cinahda oynamağıma qərar verdi. Mən də solda oynadım.
- Komandanı kapitan sarğısı ilə meydana sən çıxarmışdın. İşinin öhdəsindən layiqincə gələ bildin?
- Hər oyunda effekt vermək olmur. Oyunlar olur ki, özünü yaxşı tərəfdən göstərə bilirsən. Elə də olur ki, tam istədiyin kimi alınmır. Oyunun gedişatı bir nəfərdən asılı deyil. Bu gün ilk 11-lik fərqli idi. Tam istədiyimiz, fikirləşdiyimiz kimi olmadı.
- Ötən açıqlamalarından birində bildirmişdin ki, Rəşad Sadıqovun meydanda olmaması komandaya təsir edir. Çünki kapitan kimi çox danışır. Amma bu dəfə sən kapitan kimi demək olar ki, heç danışmırdın...
- Elə oyunlar olur ki, danışırsan da xeyri olmur. Cərimə zərbəsindən vurulmuş qoldan savayı, rəqibə fərqlənmək imkanı vermədik. Sonuncu müdafiəçi kimi komandanı arxadan daha yaxşı görür, hamıya sözünü deyə bilirsən. Amma cinah müdafiəçisi kimi yalnız Elvin Məmmədovu qarşımda görür, onunla yaxşı əlaqə saxlaya bilirdim. Meydanın bu tərəfindən İlqar Qurbanova və ya Əfran İsmayılova necə qışqırım? Olduğum mövqe elədir ki, oradan hamı ilə təmas qurmaq çox çətindir.
- "Neftçi"nin sol cinah oyunçusu Aylton tez-tez irəli gedirdi. İlqar Qurbanov isə həmin cinahdan bir-birinə bənzər 2 qol vurdu. Bunu oyundan əvvəl Qurban Qurbanov demişdi?
- Qurban müəllim elə bir şey deməmişdi. Aylton daim hücuma qoşulur. Onun oyununu analiz etmişdik və bilirdik ki, bu, belədir. İlqar hücumameylli oyunçu olduğundan, topun daim irəli vurulmasını istəyirdi. O, hücuma qoşulanda Aylton kimi müdafiəçi problem yaşayırdı. Sadəcə, epizodların hər ikisində ofsayd qeydə alındı və qolumuz sayılmadı.
- Səncə, o epizodlarda ofsayd var idi?
- Mən arxada oynayıram. O xətti görə bilmirəm. İnanıram ki, televiziya vasitəsilə epizodun təkrarına baxıblar və qolun olub-olmadığını aydınlaşdırıblar.
- "Neftçi"nin qol vurduğu epizodda qayda pozuntusuna sən yol vermişdin. Həqiqətənmi kobudluğa yol vermişdin?
- Məncə, yox idi. Çünki Ruslan Abışov topu çox irəli buraxmışdı. Məcbur oldu ki, özünü mənə çırpsın. çox qəşəng də tullandı. Baş hakim isə cərimə zərbəsinə qərar verdi.
- Ümumiyyətlə, referinin qərarlarına tez-tez etiraz edirdiniz. Səncə, belə oyuna gənc baş hakimin təyin olunması nə dərəcədə düzgün idi?
- Gəlin, bu suala cavab verməyim.
- Demək, çox narazısınız...
- Heç nə demirəm.
- Avropa Liqasında "Anderlext"lə keçirəcəyi son tur matçında "Qarabağ"ın qrupdan çıxma şansı nə qədərdir?
- Şans var və biz buna inanırıq. Əlimizdən gələni edəcəyik ki, şansımızdan maksimum yararlanaq. Dərk etməliyik ki, gedib I Divizion komandası ilə yox, "Anderlext"lə oynayacağıq.
- "Qarabağ" səfərdə daha yaxşı oynayır. Evdəki təzyiqin rolu nə qədərdir?
- Həm "Tottenhem", həm də "Monako" ilə ilk oyunumuz səfərdə olub. O oyunların gedişində rəqiblərimizi analiz edirdik. Amma ikinci matça çıxanda onların bəzi məziyyətlərindən istifadə edərək, oyunumuzu qururduq. Ona görə də evdə aktiv çıxış etmədiyimiz kimi təsəvvür yarana bilər.