"Mercedes Motorsport"un rəhbəri Toto Volf "Formula-1"in 2016-cı il üçün təqvimindəki yürüşlərin sayının artırılmasından narahatdır. Sportnet.az-ın məlumatına görə, ötən həftə Avtomobil İdmanı üzrə Ümumdünya Şurası 21 Qran Pridən ibarət təqvimi açıqlayıb.
Hərçənd ABŞ mərhələsinin taleyi maliyyə problemləri üzündən sual altındadır. Volf deyib: "Şübhəsiz ki, logistika xidmətlərinə asan olmayacaq. Bu mövsüm 19 yürüş çox idi. Gələn il isə ikili mərhələlərin çoxluğunu nəzərə aldıqda, daha çətin olacağını deyə bilərəm".
2016-cı ildə bir həftə intervalı ilə Monreal və Bakı, Şpilberq və Silverstoun, Budapeşt və Hokkenhaym, Spa və Montsa, Sepanqa və Suzuka, nəhayət, Ostin və Meksika mərhələləri olacaq. "Biz təşkilatçılığa yenidən baxmalıyıq. Mövsümün sonunda hamı yorulur. Əmin deyiləm ki, indiki strukturla komandalar 21 yürüşdən ibarət qrafikə dözə biləcəklər. Bəlkə həftəsonu yürüşlərindən sonra əməkdaşların istirahət etmələrindən ötrü ikinci növbənin tətbiqinin mümkünlüyünü nəzərdən keçirməyə gərək var?! Gələn il bu baxımdan çətin keçəcək".
Qeyd edək ki, 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran Prisi 17 - 19 iyunda nəzərdə tutulub.