Bu gün Türkiyənin paytaxtı Ankarada voleybolçu qadınlar arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, "Başkent" voleybol zalında keçiriləcək turnirə 8 ölkə qatılacaq.
Bunlar təşkilatçı Türkiyədən əlavə, Avropa Voleybol Konfederasiyasının reytinq siyahısında ilk 7 pillədə yer alan ölkələrdir. A qrupunda Türkiyə, Almaniya, Hollandiya və Xorvatiya, B qrupunda isə Rusiya, İtaliya, Belçika və Polşa milliləri yer alıb.
Azərbaycan millisinin növbəti dəfə əldən verdiyi lisenziya şansını klublarımızın legionerlərindən yalnız Marin Apits dəyərləndirməyə çalışacaq. "Azəryol" klubunun 29 yaşlı voleybolçusu Almaniya yığmasının aparıcı üzvü kimi meydana çıxacaq.
Qeyd edək ki, 6 gün davam edəcək təsnifat turnirinin qalibi Rio-2016-ya lisenziya qazanacaq.