"Yerli futbolçuların adları var, özləri yoxdur"
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Əfqan Talıbov klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirib. Talıbov Sportnet.az-a açıqlamasında "İnter"in uğuruna daha çox yer ayırıb.
Talıbov "bankirlər"in İsveç "Elfsborq"u üzərində qələbəsində legioner futbolçuların xüsusi rolunun olduğunu söyləyib: "İnter"lə oyundan əvvəl "Elfsborq"un daxili çempionatdakı oyunlarının icmallarını izlədim. Məni bir şey maraqlandırdı ki, rəqibin UEFA yarışlarında azarkeşi çox az olur. Bilmədim ki, nəyə görə İsveçdə Avropa Liqasına maraq belə azdır. Bəlkə də Azərbaycan təmsilçisi ilə oynadığındandır. "İnter" həmin matça çox yaxşı hazırlaşmışdı. Gərək səfərdən böyük üstünlüklə qayıdardılar. Burada bir amil rol oynayır. Arif Daşdəmirovdan başqa hamısı legionerlər idi. Bu, bir daha göstərir ki, yavaş-yavaş klublarımızda Azərbaycan futbolçuları böyük rol oynamır. Ancaq legionerlər Avropa arenalarında klublarımız üçün böyük əhəmiyyət daşıyır. Bakıda çətin oyun olacaq. Çünki "Elfsborq" Moldova klubu deyil və əhval-ruhiyyəsi yaxşıdır. Yəni, istənilən vaxt oynaya bilərlər. "Elfsborq" komanda oyunu sərgiləyir. "İnter" ilk oyunda xeyli qol imkanını boşa verdi. Burada isə həmin qolların əvəzini çıxmalıdırlar".
Talıbov "Neftçi"nin Sloveniya "Koper"inə uduzmasına da münasibət bildirib: "Araz Abdullayev bir qol vurdu. Oyunu legionerlər üzərinə götürmüşdü. "Koper" burada 2:1 hesablı qələbə qazandı. "Neftçi" bu görüşdə əsasən, əks-hücumlara bel bağlamışdı və havanın isti olmasından yararlanmaq istəyirdilər. Ancaq SLoveniyada "Neftçi" üçün çox çətin olacaq. Çünki orada belə isti yoxdur, həm də üstünlük rəqibdədir. Gərək səfərdə "Neftçi" "Koper"in hücum qurmasına imkan verməsin. Necə ki, "İnter" "Elfsborq"un müdafiə xəttinə pressinq tətbiq edərək hücum qurmağa imkan vermirdi. Oyunun əvvəlindən riskə getmək lazımdır".
Təcrübəli mütəxəssis "Qarabağ"ın Malta "Valletta"sı ilə görüşünə də toxunub. O, cavab matçında oyunun taleyini braziliyalıların həll edəcəyini söyləyib: "Demək olar ki, "Valletta" fərdi ustalığı və hücum quruculuğunda "Qarabağ"dan geri qalır. "Qarabağ"da da legionerlər çoxdur və əsasını braziliyalılar təşkil edir. İnanıram ki, Bakı keçiriləcək cavab matçında da Braziliya üslubunda oyunun taleyini həll edəcəklər. Yeni transfer Dias cavab görüşünə start heyətində çıxarsa, məsələni həll edənlərdən biri olacaq. Mən onun potensialını gördüm. Reynaldo kimi futbolçudur, hətta deyərdim ondan da üstündür".
Sonda isə Talıbov klublarımızın yerli və əcnəbi futbolçularını müqayisə edib. Onun fikrincə beynəlxalq arenada yerli futbolçular yox, legionerlər matçın taleyini həll edirlər: "Fikir verin, azərbaycanlı futbolçular avrokuboklar zamanı meydandan itir. Avropa klubları ilə oyunlarda legionerlərin hesabına uğur əldə olunur. Bu zaman yerli futbolçularımız rol oynamır. Onların meydanda adı var, özləri yoxdur. Bu gün meydanda bütün məsələləri əcnəbi futbolçular həll edir. Bizim futbolçular yavaş-yavaş ikinci plana keçirlər. Hanı bu azərbaycanlılar? Hanı onların bacardıqları texnikalı oyun, zərbələr? Bizim yerlilər ancaq arxa plandadır. Hücum xəttində yalnız legionerlər oynayır. Azərbaycan futbolunda gözəl yerli hücumçularımız olub. Məşqçilər də görür ki, məsələ həll etmək lazımdır, ona görə də əcnəbilərə güvənirlər".
Rövşən ƏHLİMANOĞLU