Çempionlar Liqasının II təsnifat mərhələsində "Valletta" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
"Düşünürəm ki, vacib nəticə idi. Biz ancaq qələbə haqda fikirləşirdik. Məncə pis oyun alınmadı, sadəcə daha yaxşı oynaya bilərdik. Buna baxmayaraq, belə olmağı işimizin xeyrinə oldu və komandanın toparlanmağında rolu oldu. Yenə də çatışmazlıqlarımız var. Qarşıda daha çətin oyunumuz var. Bu rəqiblə bizi gözləyən komanda eyni deyil. Sabahdan məşqlərə başlayacağıq. Çalışacağı ki, rəqibə güclü müqaviət göstərək".
- Reynaldonun əvəzlənməsi nə ilə bağlıdır?
- Bu, nə böyük, nə də kiçik zədədir. Əzələsini dartıb. Hər şey tibbi müayinədən sonra bilinəcək.
- Həm Rəşad Sadıqov, həm də Maksim Medvedev qaşrıdakı oyuna hazır olacaq?
- Qara və Maksim hazır olacaq. Rəşad isə sual altındadır. Ola bilər ki, tam hazır olmasın.
- "Zalsburq"un baş məşqçisi oyunu izləyirdi. Ola bilər ki, Qurban Qurbanov hansısa kartları gizlətsin?
- Yox, ciddi bir şey olmadı. Sadəcə o rəqibə qaşrı başqa oyun oynayacağıq. Futbolçular öz işini gördü.
- İlk oyunun evdə olması hansısa təsir yaradır?
- Təbii ki, hər bir komanda ilk oyununu səfərdə oynamaq istəyir.
- Bugünkü oyunlarda ən böyükhesablı qələbə "Qarabağ"a məxsusdur...
- Biz belə şeylərə fikir vermirik. Ola bilər ki, digər oyunda burda 0:0, səfərdə 1:1 olsun və qalib biz olaq.
- "Valletta" önündə çatışmazlıqlar var. "Zalsburq"la oyunda bu çatışmazlıqları necə qiymətləndirirsiniz?
- Çalışacağıq ki, bu boşluqlar həmin oyunda olmasın. "Zalsburq"la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik. Onlarla bir az fərqli oynayacağıq, amma öz oyunumuzdan əl çəkməmək şərtilə. Top bizdə olsa da, daha çox müdafiəni düşünməliyik.
- İştirak ərizəsinə yeni oyunçu gözlənilir?
- Yox, hələ ki, elə bir şey yoxdur.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.