
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın bombardiri Reynaldo Silvanın əcnəbi klublardan birinə keçəcəyinə dair xəbərlərə son nöqtə qoyub. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis braziliyalı hücumçunun satılmayacağını bildirib.
O deyib: "Reynaldonun məsələsində son nöqtə qoyulub. Bizimlə müqaviləsi var və komandanın uğurları üçün çalışır”.
Baş məşqçi zədədən sonra bərpa dövrünü keçən futbolçulardan İlqar Qurbanovun Hollandiya "Tvente"sinə qarşı Avropa Liqasının ilk "pley-off" matçında oynayacağını da əlavə edib. Əvəzində Maksim Medvedevin zədəsi tam sağalmayıb. Lakin Qurbanov Medvedevin 21 avqust qarşılaşmasında "18-lik"də olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Reynaldo Silva ilə Avstriyanın "Zalsburq", Almaniyanın "Ayntraxt" və İspaniyanın "Levante" klubları maraqlanır.