Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, artıq Azərbaycanın hər iki təmsilçisi finala yüksəlib.
63 kq çəki dərəcəsində yer alan Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb.3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz heç bir rəqibinə xal vermədən finala yüksəlib. Həlledici qarşılaşmada isə o, venesuelalı Antoni Monteroya qalib gələrək, olimpiya çempionu olub:
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO) 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov 0:12
FİNAL - Teymur Məmmədov - Antoni Montero (VEN) - 7:0
100 kq çəkidə isə İqbal Hacızadənin yarımqrupda rəqibləri Meksisa, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Son döyüşdə onun rəqibi moldovalı Dmitri Kyakusta olub. Hacızadə bu qarşılaşmada da uğurla çıxış edərək, 5:1 hesabı ilə qalib gəlib və ölkəmizə növbəti qızıl medalı qazandırıb.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5
FİNAL - İqbal Hacızadə - Dmitri Kyakusta (MDA) - 5:1
Qeyd edək ki, II Olimpiya Oyunlarında qadın və yunan-Roma güləşçilərimiz üst-üstə 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.