
"Yetirmələrimi qələbə münasibəti ilə təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının IV turunda Naxçıvan təmsilçisi "Araz Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edərək liderliyə yüksələn "Sumqayıt" klubunun baş məşqçisi Aqil məmmədov deyib.
42 yaşlı mütəxəssis komandasının qələbəsinə belə şərh verib: "İstər futbolçu, istərsə də məşqçi kimi hər zaman Əsgər Abdullayevin komandasına qarşı oynamaq çətin olub. Lakin buna baxmayaraq, bu gün lazım olan 3 xalı qazandıq və buna görə çox sevinirik. Futbolçularıma verdiyim tapşırıqların bəzilərinə əməl etsələr də, bəzilərini yerinə yetirmədilər. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirirəm. İstər qalib gələk, istər məğlub olaq, onlar hər zaman bizi dəstəkləyirlər. Buna görə də onlara minnətdarlığımı bildirirəm. Lider olmağımızı çoxları təsadüfi qəbul eləsələr də, bu gün biz birinci yerdəyiksə, bu, reallıqdır. Qarşımıza konkret tapşırıq qoyulmasa da, çalışacağıq ki, sona qədər iddialı yerlər uğrunda mübarizə aparaq".