
Topaz
Premyer Liqasının
IV turunda keçirilən "Sumqayıt” – "Araz Naxçıvan” oyunundan sonra qonaq komanda
görüşün idarəçiliyindən narazı qalıb. Sportnet.az-ın məlumatına görə, Hakimlər
Komitəsinin sədri Xaqani Məmmədov Peşəkar Futbol Liqasının (PFl) rəsmi saytına
mübahisəli 3 epizod ilə bağlı açıqlama verib.
Xaqani
Məmməd ilk öncə hakimlik haqda danışıb: "Sumqayıt” – "Araz Naxçıvan” oyununda
olduqca incə məqamlar var. Sıravi vətəndaş, azarkeş qaydaların incəliklərini
bilmədiyi üçün hakimin səhv etdiyi qənaətində ola bilər. Qarşılaşmanın 39, 77
və 90+3-cü dəqiqələrində hakimin qəbul etdiyi qərar düzgündür. Hakim FİFA oyun
qaydalarına uyğun olaraq, addım atıb. "Sumqayıt” – "Araz Naxçıvan” oyununda
hakim səhvə yol verməyib”.
Sədr
ilk epizodu belə şərh edib: "Konkret birinci epizoddan danışaq. "Araz
Naxçıvan”ın futbolçusu qapıya uzaq məsafədən güclü zərbə endirir. Top
futbolçunun dizinə dəydikdən sonra normal vəziyyətdə olan ələ toxunur. Mən sual
verirəm: Müdafiə olunan komandanın futbolçusu topun qarşısını kəsmək məqsədi
ilə əlindən və ya qolundan bilərəkdən istifadə edirmi? Xeyr. "Sumqayıt”ın
futbolçusu əlini gizlətməyə çalışır. Belə bir vəziyyətdə penaltidən söhbət gedə
bilməz. Futbol oyun qaydalarının 12-ci bəndində qeyd olunur ki, oyunçu
bilərəkdən topa əl ilə oynayırsa, penalti təyin olunmalıdır. Bu epizodda isə
bilərəkdən edilən hərəkət yoxdur”.
Məmmədov
ikinci epizodla bağlı belə deyib: "İkinci epizod zamanı havada top uğrunda
mübarizə gedir. Sözsüz ki, heç kim havaya əli bədəninə bitişik şəkildə qalxmır.
Bu zaman əlin açıq olması normaldır. Müdafiə olunan komandanın üzvünün əlinə
topu rəqib futbolçu vurur. "Sumqayıt”ın futbolçusunun arxası rəqibə tərəf
olduğu üçün topun hərəkət istiqamətini görmür. Hər ələ dəyən topa görə penalti
vermək olmaz. Oyun qaydaları təkmilləşir, oyun qaydalarına əlavə olunur. FİFA
bu tip epizodlara çox həssas yanaşır. Konkretləşdirsək, 2-ci epizodda da
penaltidən söhbət gedə bilməz”.
Nəhayət Xaqani Məmmədov son epizodla bağlı belə danışıb: "Sonuncu epizodla bağlı şərh verərkən onu deyim ki, qapıçı meydançasında qapıçı toxunulmazdır. Bu epizodda isə istər "Araz Naxçıvan”ın bir neçə futbolçusu, istərsə də "Araz Naxçıvan”ın qol vurmaq üçün irəli atılan qapıçısı epizoda müdaxilə edirlər. Hadisə məhz "Araz Naxçıvan”ın qapıçısının epizoda müdaxiləsindən başlanır. "Araz Naxçıvan”ın qapıçısı bütün oyunçuları itələməyə meyillidir. Qonaq komandanın futbolçuları məhz "Sumqayıt”ın qapıçısına qarşı kobudluq edərək, topun qapıdan keçməsinə nail olurlar. Sözsüz ki, bu da qol sayıla bilməz. Bu tip epizodlara tez-tez rast gəlinir. "Araz Naxçıvan”ın etirazını normal qarşılayırıq. Amma biz qaydalar çərçivəsində hərəkət edirik”.