Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu gün Rusiyanın paytaxtı Moskva şəhərindəki "Ekaterinsky Hall" otelində mətbuat konfransı keçirilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssis əvvəlcə Rusiya yığmasına 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi öncəsi şərait yaratdığı üçün minnətdarlıq edib.
O, iki federasiya arasındakı razılığa əsasən, yaxın iki 2 il ərzində şimal qonşularımızın da Bakıya gələcəklərindən şad olduqlarını bildirib. Foqts qeyd edib ki, bu oyun Rusiya yığması üçün də ciddi sınaqdır: "Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudur. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdir".
Baş məşqçi bildirib ki, Rusiya yığması ilə oyunda onu yalnız qələbə qane edəcək: "Bu, mənim üçün vacibdir. Yaxşı mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq".
Foqts Azərbaycan yığmasının futbolçularına Türkiyənin I liqasında deyil, Avropanın aparıcı klublarında oynamağı tövsiyə edib: "Azərbaycan Premyer Liqası Türkiyənin birinci dəstəsindən zəif deyil. Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam".
Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları arasında oktyabrın 3-də keçiriləcək yoldaşlıq görüşü saat 20:00-da başlanacaq.