Bolqarıstan milli komandasının baş məşqçisi Lyuboslav Penev Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi mətbuat konfransı keçirib. Tədbirdə Penev Sportnet.az-ın da suallarını cavablandırıb...
- Sabahkı oyun barədə nə deyə bilərsiniz?
- Bu, qrupun ilk oyunudur. Hələ ki nə isə demək çətindir. Seçmə qrup mərhələsində ilk yeri tutacaq 3 komanda şanslı olduğundan, qrupda gərgin mübarizə gedəcək.
- Hazırda AZAL-da çıxış edən Tomi Kostodinovdan Azərbaycan yığması barədə hər hansı məlumat əldə etmisiniz?
- Xeyr, Tomidən heç bir məlumat əldə etməmişik.
- Millimizi necə xarakterizə edərdiniz?
- Mən komandanızın bir neçə oyununu görmüşəm. Rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara qələbə ücün çıxırıq. Hesab edirəm ki, ən çətin qrup bizimkidir və ən güclü mübarizə burada gedəcək.
- Sizcə, Azərbaycan millisinin ilk "3-lüy"ə düşmə şansı var?
- Hesab edirəm ki, bəli. Şansları var. Lakin nəzərə alın ki, biz də bu məqsədə catmağa çalışacağıq.
- Maltanı qrupda autsayder hesab etmək düzgündür?
- Nəzəri cəhətdən bu, belədir. Ancaq faktiki başqa cür ola bilər. Biz sabah dünyanın 73-cü komandası ilə qarşılaşacağıq. Uda da bilərik, uduza da...
- Bolqarıstanlı oyunçuların iddialı açıqlamalarını azərbaycanlılar üçün əlavə stimul hesab edirsiniz?
- Real yanaşsaq, İtaliya və Xorvatiya bizim qrupda favoritdir. Məntiqlə, Azərbaycan ev oyunu keçirdiyindən, cütün favoritidir, lakin biz də cox zaman qonaq komanda kimi güclü çıxış edirik.
- Komandanız Bakıya hansı itkilərlə gəlib?
- Popovdan əlavə, Qarqorov 100 faiz sabah oyunda olmayacaq. Eyni zamanda İvan İvanov, Zanev və Minev oynamayacaq. Qalan oyunçular matça hazırdır.
- Sabahkı oyunda məğlubiyyəti düşünürsünüz?
- Futbolda 3 qayda var: udmaq, uduzmaq və heç-heçə. Ancaq komanda yaxşı oyunla da, pis oyunla da məğlub ola bilər. Bunlar fərqli hallardır.
- Millimizin hansı oyunlarına baxmısınız?
- Son 5-6 oyunu izləmişəm, lakin Rusiyaya qarşı matçla bağlı fikirlərimi burada ifadə edə bilmərəm. Düşünürəm ki, komandanız aqressiv oyun göstərir.
- 10 il öncə Azərbaycan və Bolqarıstan yığmaları arasındakı yoldaşlıq görüşünü xatırlayırsınız?
- O oyun artıq tarixə çevrilib və hazırda bu barədə fikir bildirmək düzgün deyil.
- Start heyəti müəyyənləşdirmisiniz?
- Bəli, artıq ilk "11-liy"i müəyyən etmişəm.
- Məğlub olsanız, nə düşünəcəksiniz?
- Əsas odur ki, komanda meydana çıxaraq, 100 faiz öz oyununu göstərsin.
- Sizcə 3-cü yerdə olmaq ücün neçə xal lazımdır?
- Biz AVRO-2016-ya çıxmaq üçün oynayırıq, neçə xal toplamaq vacib deyil. Təbii ki, sabahkı və sonrakı oyunlarda maksimum nəticə göstərməyi hədəfləmişik.
Cəfər BƏY