
Berti Foqts da "Neftçi" - "Xəzər Lənkəran" matçını vecinə almadı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bolqarıstan yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra birbaşa vətəni Almaniyaya yollanıb. Bu barədə Sportnet.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Nərimanoğlu səfərin nə qədər çəkəcəyini açıqlamayıb. O bildirib ki, Foqts qayıtdıqdan sonra Topaz Premyer Liqasının qarşıdakı turlarının oyunlarını izləyəcək: "Baş məşqçinin hansı oyunlara baxacağını saytımız vasitəsilə çatdıracağıq".
Yığmamızın baş məşqçisi Almaniyada olacağından, Premyer Liqanın V tur qarşılaşmalarından heç birini canlı izləyə bilməyəcək. Başqa sözlə, o, sentyabrın 13-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçına baxmayacaq.
Qeyd edək ki, son illərin ən prinsipial rəqibləri arasındakı görüş saat 17:30-da başlanacaq. "Böyük oyun" adlandırılmasına baxmayaraq, matça qonaq azarkeşlər buraxılmayacaq, televiziya isə qarşılaşmanı yayımlamayacaq.