UEFA İcraiyyə Komitəsi çempionatın matçlarını təşkil edəcək 13 şəhərin adını sentyabrın 19-da açıqlayacaq. Namizədlərin sayı isə 19-dur - Bakı (Azərbaycan), London (İngiltərə), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Yerusəlim (İsrail), Roma (İtaliya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Amsterdam (Hollandiya), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Stokholm (İsveç), Kardiff (Uels).
Hesabatdan məlum olur ki, Bakıda gələn il istifadəyə veriləcək Olimpiya Stadionu 69870 tamaşaçı tutumuna malikdir. Bu arenanın ərsəyə gəlməsinə 710 milyon avro sərmayə qoyulub. Stadion tutumuna görə, namizəd şəhərlər arasında yalnız Londondakı "Uembli" (90,652), Kardiffdəki "Millenium" (74,154) və Münhendəki eyniadlı arenadan (70,067) geri qalır. Bundan başqa stadionlardan 7-si Bakı Olimpiya Stadionundan da gec hazır olacaq. Ölkəmizin imkanları barədə yüksək fikirlərin yer aldığı sənəddə azarkeşlər üçün lazımi sayda otelin olmaması çatışmazlıq kimi göstərilib.
Hesabatda bildirilir ki, prosesin maksimum ədalətli və obyektiv olması üçün UEFA hər bi sifariş ərizəsini müxtəlif parametrlərlə qiymətləndirəcək. Bundan başqa, mayın 23-də bütün assosiasiyalara çatışmazlıqlar siyahısı göndərilib ki, hər bir namizəd onları aradan qaldıra bilsin.