
"Qarabağ"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu üçün Tofiq Bəhramov adına Respublika stadionunun media sektoruna bilet satışı faktı üzə çıxıb. Bu barədə Sportnet.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, stadionun kassası önündə "qara bazar"dakılardan müxtəlif sektorlara, o cümlədən, jurnalistlər üçün nəzərdə tutulan yerlərə bilet satmaq istəyənlər ələ keçirilib. Müəyyən edilib ki, həmin biletlər saxtadır və qeyri-qanuni yolla satışa çıxıb.
Bu və digər hallarla əlaqədar ötən gün Respublika stadionunda "Qarabağ" və Bakının Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə toplantı keçirilib. İsmayılovun sözlərinə görə, iclasda qərara alınıb ki, media sektoruna giriş yalnız "becik"lə olsun.
Əslində media sektoru üçün bilet heç bir halda satıla bilməz. Amma "Qarabağ"ın əvvəlki avrokubok oyunlarında da media sektoruna bilet satılmasına dair xəbərlərə rast gəlinib. Dünən üzə çıxan fakt isə belə bir halın həqiqətən də mövcudluğunu sübuta yetirir.
Məlumatı klubun mətbuat katibi Nurlan İbrahimov da təsdiqləyib. O, Sportnet.az-a bildirib ki, media sektoruna 2 bilet satmaq istəyənlər yaxalanıb.
Qeyd edək ki, Respublika stadionunda media sektoru 600 nəfərlikdir.