AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, iclasda əvəzedici və birinci Divizion klublarıyla bağlı qərarlar qəbul edilib.
Əvəzedicilərin V turununun "Simurq"la oyununda 5 oyunçusu sarı vərəqə alan "Qəbələ” 500 manat cərimələnib.
"Bakı” – "Sumqayıt” duelində meydan sahiblərindən Rüstəm Alxasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan qovulub, 1 oyunluq cəza alıb, klubu 100 manat ziyana düşüb. "Bakı”lı Azad Kərimov isə 85-ci dəqiqədə sonuncu ümid foluna əl atdığı üçün matçı erkən başa vurub: 1 oyunluq cəza və 100 manat cərimə.
İntizam Komitəsi I Divizion klublarından da yan keçməyib. II turun "Energetik” – "Şəmkir” matçında Qərb klubunun 6 futbolçusu "sarı”ya tuş gəlib - cəzası 100 manat olacaq. Oyunun 67-ci dəqiqəsində mingəçevirlilərdən Elçin Abdullayevsə kobudluğa görə birbaşa qırmızı vərəqə alıb ki, bu da 2 oyunluq cəza və 200 manat cərimə deməkdi. 89-cu dəqiqədə "Şəmkir”li Səftər Qafarov da oyunu tamamlaya bilməyib, lakin ikinci sarı vərəqə aldığına görə cəzası yüngüldü – 1 oyun. Klubu da 20 manat ödəməlidi. Eyni aqibətlə meydan sahiblərindən Elvin Əlizadə də üzləşib. İdmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alan Elvin komandasına növbəti turda kömək edə bilməyəcək, 20 manat cərimə də öz yerində.
Ən maraqlı hadisələr MOİK – "Lokomotiv” matçında qeydə alınıb. Baş hakim Elgün Hüseynov 4 futbolçunu meydandan qovub. Əvvəlcə fasiləyə az qalmış "dəmiryolçular"dan Haqverdi Yusifov komanda yoldaşını təhqir edib, qarşısında birbaşa qırmızı vərəqə görüb. 3 oyunluq cəzalanan Haqverdi komandasını da 200 manat ziyana salıb. Daha sonra görüşün 73-ci dəqiqəsində MOİK-dən Orxan Müzəffərli, Röyal Nəcəfov, qonaqlardan isə Nicat Əsgərov aqressiv hərəkətlərə görə birbaşa qırmızı vərəqə alıblar, İK hər üç futbolçuya 2 oyunluq cəza verib, klubları isə 200 manatından keçməlidi.