"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sent Etyen"lə Avropa Liqası matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis azarkeşlərə və komandasına təşəkkür edib...
- Məncə bu oyunda qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda olmağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı. Çox istərdim ki, azarkeşlərimiz də sevinsin. Bu, həm mənim, həm də futbolçularım üçün ilk təcrübə idi. Komandamın hər bir üzvünə və azarkeşlərə minnətdaram. Stadionda bayrağımızın dalğalanması da bizə bir güc idi.
- Qaltye hücum futbolu oynadıqlarını dedi...
- Məncə, hücumda olan tərəf daha çox biz idik.
- Bu oyuna bir xal üçün köklənmişdiniz, yoxsa qələbə?
- Qazandığımız xal bizim xeyrimizədir. Belə əzmkarlıq olsa, 1 xalı 3 xal edərik. İlk növbədə uduzmamağa, sonra da qalib gəlməyə çalışırıq. Bir xalı şişirtmək də istəmirəm. Sadəcə, oyunumuzdan və rəqibə boşluq verməməyimizdən razı qaldım.
- Oyundan öncə komandanızın potensialı haqda nə fikirləşirdiniz, indi nə?
- Bizim çempionatımız orta səviyyəlidir. Fransa çempionatının komandasına qarşı oynadıqdan sonra bu liqanın potensialını da bildik. Get-gedə daha yaxşı nəticələr göstərməyə çalışacağıq.
- Artıq Avroliqada kifayət qədər oyun keçirmisiniz. Yenə də təcrübəyə ehtiyac hiss edirsiniz?
- 10 il də oynasaq, təcrübəyə ehtiyacımız var. Hər bir futbolçu və məşqçi yeni-yeni fikirlərini ortaya qoyur.
- Müdafiə xəttindən razı qaldığınızı dediniz. Amma arxa xətt oyunçuları müxtəlif sayda səhvlərə yol verdilər...
- Mən rəqibi kifayət qədər ciddi sayıram. Müdafiə təkcə müdafiəçilərdən ibarət deyil, həm də müdafiə xəttindəki oyundur. Top itkisi hər oyunda olur. Belə rəqibə qarşı oyunda itkilər normal haldır. Mənim üçün vacib olanı top itkisindən sonra necə görünmək idi.
- Vüqar Nadirovun oyunundan nə dərəcədə razı qaldınız?
- Razı qaldım. Meydana çox istəkli çıxdı. Əlindən gələni etdi. Bəlkə də daha yaxşı oyun gözlənilirdi. Oyun ərzində mövqeyini iki dəfə dəyişdim. Amma rəqibin güclü müdafiə xətti vardı.
- Çumbinyonun zədəsi nə qədər ciddidir?
Çumbinyonun zədəsinə sabah aydınlıq gələcək. Muaremin isə problemi yoxdur.
- Maksim Medvedev 1 xal qazanmadıqlarını, 2 xal itirdiklərini dedi...
- Belə danışmasını alqışlayıram. Amma bu gün bir xal qazanmışıq. Daha çox qazanmağa çalışacağıq. Baş məşqçi kimi qarşıma təcrübəmi artırmağı məqsəd qoymuşam. Belə komandalara qarşı oynamağı düşünürüksə, çempionatda da yaxşı çıxış etməliyik.
- Bir qədər əvvəl rəqib həmkarınız qrupda 2-ci yerə düşməyə "Qarabağ"ı layiq gördüyünü dedi. Bu oyundan sonra belə nəticəyə çatmağın mümkünlüyünə inandınız?
- Həmkarımın xoş sözlərinə görə minnətdaram. Əvvəlcədən neçənci yeri tutacağımızı deyə bilmərik. Hər oyundan-oyuna daha ciddi sınaqlara komandamızı hazırlamağa çalışacağıq. Hər oyunda belə ciddi dəstək olmur. Həmişə inamla hazırlaşırıq və inamla da mübarizə aparırıq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |