
"Qarabağ"ın qapıçısı Fərhad Vəliyevin Sportnet.az-a müsahibəsi
- "Qarabağ"da vəziyyət necədir?
- Komandada hər şey yaxşıdır. Zədəlilər var, qalanları isə məşq edib oyunlara hazırlaşır.
- Yeni transfer İnnosent Emeqara da məqşlərə qoşulub?
- Bəli.
- Sizcə, o, tezliklə komandaya uyğunlaşa biləcək?
- Transfer edilibsə, demək, məşqçilər korpusu onun oyunlarını izləyib, bəyəniblər. Düşünürəm ki, qarşıdakı oyunlarda o, əlindən gələni edəcək və çalışacaq ki, komandaya uyğunlaşsın.
- Son oyunlarda, xüsusən, İtaliyada "İnter"lə qarşılaşmada qapını qoruyan İbrahim Şehiç bir neçə epizodda səhvə yol verdi. Bu, Sizin əsas heyətə düşməyinizə şans yarada bilər?
- Mən elə düşünmürəm ki, Şehiç orda elə böyük səhvlərə yol verdi.
- Məsələn ikinci qolda...
- Oyun epizodlarında olur. İkimiz də əl-ələ verib "Qarabağ"ın qapısını qoruyuruq. Mənə də əsas heyətdə çıxmağa şans versələr, əlimdən gələni edəcəyəm. Amma bu, o demək deyil ki, Şehiç ciddi səhvlərə yol verdi. O da uğurlu nəticə üçün əlindən gələni edir.
- Fərhad Vəliyevi əvvəlki mövqeyində nə vaxt görəcəyik?
- Mən də istəyirəm ki, çoxlu oyunda iştirak edim. Ancaq bu, baş məşqçinin qərarıdır. Əsas "Qarabağ"ın uğurudur. Qarşıda oyunlar çoxdur. Mən də həmin matçlarda çıxış edəcəyimə ümidliyəm.
- Bəs millidə sizi nə vaxt görəcəyik?
- Milliyə çağırılmaq üçün stabil oynamaq, çempionatda çıxış etmək lazımdır. Yenə də ümidimizi itirmirik. Gələcəkdə ola bilər dəvət etsinlər. Fürsətdən istifadə milli komandamıza qarşıdan gələn oyunlarda uğurlar arzu edirəm.
- Millini 4 günə iki çətin oyun gözləyir. Bu oyunlardan hansı nəticəni gözləyirsiniz? Komandamız İtaliyada və ya Xorvatiyada hər hansı sensasiyaya imza ata bilər?
- Əlbəttə, gözləyirəm ki, bu oyunlara millimiz yaxşı çıxış etsin. Düzü, çətin oyunlardır. Amma ümidi itirmirik. Milli komandamız əlindən gələni edəcək ki, xalla dönsün.
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin qalan oyunlarında şanslarını necə görürsünüz?
- Düşünürəm ki, hələ heç nə itməyib. Qrupda ən əsas "Dnepr"lə iki oyundur. Bu iki oyundan çox şey asılı olacaq. Hətta qrupun taleyi də həll oluna bilər. Əlimizdən gələni edəcəyik ki, heç olmasa, qrupu ikinci yerdə bitirək.
- Qrupda əsas rəqib qismində "Sent-Etyen"i görürsünüz, yoxsa "Dnepr"i?
- "İnter" birinci pilləyə layiqdir. Elə lider də onlar olacaq. Biz isə var gücümüzü qoyacağıq ki, ikinci yerə yüksəlib, qrupdan çıxaq.
- Hazırda özünüzü istər klubda, istərsə də millidə əsas heyətdə oynamağa hazır sayırsınız?
- Əlbəttə. Məşqlərdə maksimum üzərimdə çalışıram. Özümü hazır sayıram. Qarşıdaki oyunlarda şans verilsə, çıxış etsəm, tam hazır olacağam.
- 34 yaş qapıçı üçün elə də çox deyil. Özünüz də əsas heyətdə oynamaq istəyirsınız. Yanvarda başqa kluba keçmək fikriniz var?
- Xeyr, o barədə heç düşünmürəm. Çalışıram ki, "Qarabağ"la çoxlu uğur qazanım. Bu klubdan ayrılmağı düşünmürəm.
- Ancaq yəqin ki, əksər oyunlarda ehtiyyatda qalmaq özünüzə də xoş deyil?
- Hər bir futbolçu istər ki, çox oyunda çıxış etsin. Ancaq həvəsdən düşmürəm.
- Qurban Qurbanovla bu barədə söhbətiniz olub?
- Xeyr, oynayıb-oynamamaq barədə söhbətimiz olmayb. Çalışıram hər bir işə peşəkar yanaşım, öz işimi düzgün qurum. Qərar isə baş məşqçinindir. Buna hörmətlə yanaşıb, şans verilməsini gözləməliyəm.
- Özünüzə limit qoymusunuz ki, bu vaxta qədər əsas heyətdə daimi çıxış etməsəniz, klubunuzu dəyişəcəksiniz?
- Xeyr, əsla!
- Yəni fikriniz sırf "Qarabağ"la bağlıdır və heç bir kluba keçmək niyyətiniz yoxdur?
- Bu barədə indi düşünmürəm. Ola bilər qışda, ya da müqavilə başa çatanda hansısa ölkədən təklif gələr. Vaxtı gələndə oturub danışacaq, halallaşacağam. İndi isə belə fikirlər yoxdur. Müqaviləm ilin sonunadək qüvvədədir.
- Son vaxtlar Reynaldo komanda yoldaşalarına ötürmə verməməsi, xəsisliyi ilə bağlı tənqid edilir. Siz bu haqda nə düşünürsünüz?
- Buna qatılmıram. Onu hər gün məşqdə, oyunda mən görürəm. Ola bilər hansısa oyunda epizodu qaçırtsın. Ola bilməz ki, o, komanda yoldaşını görsün, ama ötürmə verməsin. Bu söz-söhbətin çıxması düzgün deyil. İnşallah, getdikcə düzələcək. O, bizim üçün dəyərli oyunçudur. Özü də oyuna, məşqinə peşəkar yanaşır.
Röya KƏRİMLİ