Daha öncə çalışdığım Lent.az-ın otağının balkonundan sağa boylananda bir bayraq diqqətimi çəkirdi. Xeyr, nə boyu, nə də əzəməti ilə fərqlənirdi. Adi və adı bayraq idi. Bilmirəm, hansısa evə, yoxsa ofisə yaraşıq verirdi. Lakin rəngləri tərsinə idi: Yaşıl yuxarıda, göy aşağıda.
Hər gün işə gələndə balkona çıxıb həmin istiqamətə baxırdım. Yenə həmin bayraq, yenə həmin mənzərə. Yenə yaşıl yuxarıda, yenə göy aşağıda. Bilmirdim binanın ən yüksək mərtəbəsinin balkonundan asdıqları üçün sevinim, yoxsa rəngləri qarışdırdıqları üçün təəssüflənim.
Lakin təsəllim var idi. Axı ilk dəfə deyildi ki, bayrağımızı tərsinə görürdüm. Adi ofislərdən tutmuş, ən mötəbər idman yarışlarının keçirildiyi məkanlaradək yaşılı yuxarıda, göyü aşağıda müşahidə etmişəm, ayparanın sağa yox, sola istiqamətlənməsi ilə rastlaşmışam. Biganə qalmamışam. Əksinə, imkan düşdükcə müdaxilə də etmişəm...
2011-ci ilin avqustu idi. Macarıstandakı kayak və kanoe üzrə dünya çempionatına ezam olunmuşdum. Azərbaycan millisi həmin yarışda möhtəşəm çıxış edərək, 1 qızıl, 3 gümüş medal qazanmışdı. Amma hər dəfə bayrağımız qalxanda görüntüsündəki hansısa qüsuru ilə diqqət çəkirdi. Jurnalist olmağıma və bizim fəaliyyət məkanımızda yerləşməməsinə rəğmən, bayrağın yanında olan xüsusi geyimli şəxslərə yaxınlaşdım. Onlara izah etdim ki, bayraq tərsinədir. Nə qədər etsək də, bayrağın düzgün variantını müəyyənləşdirə bilmədik. Məlum oldu ki, ayparanı bayrağın üzərinə uzununa yox, eninə istiqamətdə çəkiblər.
Amma nəyi qoyub, nəyi danışırıq. Ötən gün ilk peşəkar boksçumuz Fariz Məmmədov jurnalistlərlə görüş keçirirdi. Xeyli səmimi söhbət etdi. Onun bəzi idmançılarımızın "Bayrağımızı ucaltdıq" açıqlamalarına reaksiyası daha diqqətçəkən oldu: "Əgər sən adına dünya çempionatı deyilən, əslində isə 10-15 ölkənin qatıldığı yarışda bayrağımızı dalğalandırmağı böyük fəxrlə danışırsansa, olimpiya çempionlarımız neyləsinlər? İdmançısansa, vəzifən bayrağımızı ucaltmaqdır!"
O qədər insan "Bayrağımızı ucaltdım, himnimizi səsləndirdim" deyə-deyə layiq olmadıqlarına yiyələnib ki...
Soruşmuşuq da. Çoxu bayrağımızın rənglərinin nələri ifadə etdiyini, himnimizin sözləri və musiqisinin kimə aid olduğunu bilməyib, hətta qalib olduqdan sonra bayrağı tərsinə tutaraq, zalda dövrə vurub.
Təkcə idmançılarmı?
"Qarabağ" Fransa "Sent-Etyen"i ilə görüşdə Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran 30 min azarkeşə nəhəng bayraq hədiyyə etdi. Azarkeşlər həmin bayrağı tribuna boyunca sağ-salamat dövr etdirə bilmədilər. Hərə bir tərəfə dartıb cırdı.
Bayraq müqəddəsdir. Hətta o dərəcədə müqəddəs ki, onun adını yeri gəldi-gəlmədi hallandırmağın özü insandan yüksək ləyaqət, dalğalandırmaq isə böyük hünər tələb edir.
Pafosla "Gələn il bu vaxt bayrağımız Şuşada, Xankəndidə dalğalansın" deməyə nə var ki...
Gəlin, birinci bayrağı düzgün tutmağı, onunla düzgün rəftarı öyrənək!
Dövlət Bayrağı günümüz mübarək!