Ukraynanın "Dnepr" klubu Avropa Liqasının
Bakıdakı oyununda Azərbaycan
təmsilçisi "Qarabağ"ı məyus etmiş futbolçu Nikola Kaliniçlə
müqaviləni uzadıb. Sportnet.az-ın
məlumatına görə, xorvatiyalı hücumçu ilə 2019-cu ilədək razılıq əldə olunub.
26 yaşlı futbolçu klub rəhbərliyinin ona konkret təkliflə müraciət etdiyini
bildirib: "Agentimlə bir yerdə təklifi nəzərdən keçirdik və qərara aldıq
ki, "Dnepr"də qalım. Şərtlərlə tam razıyam. Qərar
verərkən çox düşünmədik. Hər şey əlavə sualsız baş verdi. Təklif gəldi və
imzaladım".
Qeyd edək ki, Nikola Kaliniç noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmada "Dnepr"in 2:1 hesablı qələbəsində əsas pay sahibi olub. O, 15-ci və 73-cü dəqiqələrdə vurduğu qollarla "dubl" edərək, komandasının Avropa Liqasında ilk qələbəsini qazandırıb. Kaliniç bu mövsüm ümumilikdə 11 oyuna 6 qol vurub.