
Azərbaycan çempionu "Qarabağ” "Simurq”la oyunlardakı
uğursuz seriyanı qırıb. Sportnet.az-ın
məlumatına görə, Zaqatala təmsilçisi ilə son 4 səfər oyununda
nəinki qələbə qazana, heç qol da vura bilməyən Ağdam təmsilçisi Topaz Premyer
Liqasının XIV turunda səfərdə 3:2 hesabı ilə qalib gəlib.
2011-ci il oktyabrın 21-də 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun
yetirmələri 1105 gündən sonra rəqibini səfərdə məğlub edib. Bu
müddətdə iki dəfə qolsuz heç-heçəyə, iki dəfə 0:1 hesablı məğlubiyyətə üzülən
Ağdam təmsilçisinin Zaqataladakı son qolunu həmin matçın 61-ci dəqiqəsində Rauf
Əliyev vurmuşdu. İlqar Qurbanovun 23-cü dəqiqədəki qoluna qədər "Qarabağ” 412
dəqiqə meydan sahiblərini məyus edə bilməmişdi. Tarixində yalnız 1 dəfə
"Simurq”la matçda 3 qol vuran ağdamlılar 2010-cu il oktyabrın 17-dəki ev
oyununda da 3:2 hesabı ilə qalib gəmişdi. Bundan 1474 gün sonra "Qarabağ” "Simurq”u 3 qolla
məyus etdi.