
"Bakı" klubunun futbolçusu Jaba "Xəzər Lənkəran"la Topaz Premyer Liqasının XVI tur matçından sonra jurnalistlərə müsahibə verib. Braziliyalı hücumçu Sportnet.az-ın da suallarını cavablandırıb:
- Matç necə keçdi?
- Yaxşı. "Xəzər-Lənkəran” çox yaxşı komandadır. Onların legionerləri çoxdur, bizdə isə az. Bizdə sadəcə, gənclər oynayır. Onda da hər oyun çətin olur. Biz bu gün çox yaxşı oynadıq, mübarizə apardıq.
- Futbolçulara əsəbiləşirdin...
- Normaldır. Bizim üçün burada pul yoxdur. Ona görə də həmişə dava, ehtiras var. Amma birinci hissədə hamı bərabər oynayırdı, hamı yaxşı idi. Çünki, bizdə sadəcə, gənclərdir, ancaq yaxşı oynayırdıq.
- Klubdan getməyi düşünürsünüz?
- Yox, mən burda xoşbəxtəm.
- Yenidən Azərbaycana gəlməyinizin səbəbi nədir?
- Hafiz Məmmədov zəng elədi, mən yenidən gəldim. Həmin vaxt bilmirdim ki, klub bu vəziyyətdədir. Ancaq problem yoxdur, inşallah ikinci dövrədə yaxşı transferlər olacaq. "Bakı” yuxarı qalxacaq.
- Maliyyə sıxıntısı nə vaxt həll olunacaq?
- Bilmirəm, dostum. Sadəcə, Allah bilir.
- Azərbaycana gəldiyiniz zaman klubun bu halda olduğunu bilmirdiniz?
- Bilmirdim. Komanda qutu deyil, hamısı gənclərdir. Yaxşı oynayırlar.
- Komandadan oyunçuların çoxu gedərsə nə edəcəksiz?
- Görək də, gözləyirik.
- Legionerlərin getməsi gözlənilir. Sizə bir söz deyiblərmi?
- Hələ iki matç var. Görək də.
- Göndərilərsənsə, yenidən gəldiyin üçün peşmanlıq duyacaqsan?
- Hafiz Məmmədovla danışıb müzakirə edəcəyik ki, burda qalacağam, yoxsa gedəcəyəm. İndi heç nə bilmirəm.
- Bu matçda hakimə çoxlu etirazlar etdin...
- Həmişəki kimi. İndi "Bakı”da əhval-ruhiyyə pisdir. Hakimin həmişə başqa komandaya tərəf qərarlar qəbul etməsi normaldır. "Qarabağ”, "Neftçi”, "Qəbələ”... Normaldır.
- Sizi sıxışdırırlar?
- Hər bir hakim fikirləşir ki, "Bakı” bitib. Ona görə də bizə qarşı qayda pozuntularına cəza vermirlər.
- Məgər hakimlərin belə davranmasının səbəbi "Bakı”da olan sıxıntılardır?
- Yox. Deməli, gənclərə sayğı yoxdur (gülür). Futbol belədir. Nə vaxt həvəslə oynasan, onda hakim də sənə qarşı normal davranar. "Bakı”da əhval-ruhiyyə pisdir.
Məcid HƏSƏNLİ