Topaz Premyer Liqasının XVIII turunda "Xəzər Lənkəran"la 1:1-lik heç-heçə edən AZAL-ın qapıçısı Kamal Bayramovun Sportnet.az-a müsahibəsi
- Heç-heçə etdiyiniz oyun haqqında fikirləriniz necədir?
- Qarşılaşmaya daha yaxşı başladıq. İlk dəqiqələrdən hücuma atılıb qol vurmaq istəyirdik ki, buna da birinci hissənin son dəqiqələrində nail olduq. İlin son oyunu idi və komandada olan legionerlər artıq evə getmək haqqında düşünürlər. Buna baxmnayaraq meydanda mübarizə apardıq. Səfərdə oynadığımız üçün bu 1 xal da bizim üçün pis
nəticə sayılmaz.
- Sırf səfərdə oynadığınız üçün, yoxsa "Xəzər Lənkəran" kimi komandadan 1 xal aldığınız üçün nəticəni qənaətbəxş sayırsız?
- "Xəzər Lənkəran"la səfərdə oynamaq heç bir komanda üçün asan deyil. Biz isə bura qələbə üçün gəlmişdik. Çünki rəqib yüksək səviyyədə komanda deyildi ki, düşünək məğlub etmək çətin olardı. Amma 1 xalı yaxşı nəticə sayıram. Ən azından fasiləyə məğlub kimi yollanmırıq.
- "Araz Naxçıvan" dağıldıqdan sonra AZAL-a gəldiniz. Artıq 2 oyunda meydana çıxmısız...
- "Araz Naxçıvan"da məlum problemlər səbəbindən vəziyyət pis oldu. Bu da klub rəhbərliyinin qərarı idi və çempionatda çıxışını dayandırdı. AZAL-a gəldim və burda hər şey məni qane edir. Baş məşqçi mənə güvəndi və şans verdi. İnanıram ki, bundan sonra daha yaxşı olacaq. Hər şey qaydasındadı.
- Çempionatın ilk yarısını komandanız üçün necə dəyərləndirirsiz?
- Belə ümumi baxanda pis deyil. Amma bu komandanın elə oyunları olub ki, xallar itirib. Həmin xallar itirilməsəydi, hər şey yaxşı olardı. Bəlkə də indi daha fərqli yerdə ola bilərdik. Ən azından iddialılar sırasında qərarlaşardıq.
- Qış fasiləsindən sonra hədəfiniz nə olacaq?
- Hədəfimiz yüksək yerlər uğrunda mübarizə aparmaq lazımdı. Hər bir komandada olduğu kimi AZAL-da da müəyyən problemlər var və bunları fasilədə aradan qaldırmaq lazımdı. Düşünürəm ki, bir-iki mövqe var ki, onlara transferlər edilsə, yaxşı nəticə qazanacağıq.