İyunun 12-də start götürəcək futbol üzrə dünya çempionatı ilə əlaqədar Sportnet.az şou-biznes nümayəndələri arasında sorğu keçirib. Sənətçilərdən mundialla maraqlanıb-maraqlanmadıqları, favoritləri və çempionun kim olacağı soruşulub. Bəziləri ümumiyyətlə, çempionata baxmayacaqlarını desə də, əksəriyyəti yarışı səbirsizliklə gözlədiyini bildirib.
Xatirə İslam: "Birdən nəsə səhv deyərəm. Düzü, futbola marağım yoxdur, nə gizlədim? Dünya çempionatı və ya dünyanın izlədiyi hər hansı bir yarışı məlumat xatirinə izləyə bilərəm. Amma doğurdan da futbola nə marağım, nə də məlumatım var".
Xatun: "Mən əvvəldən də Braziliya yığmasını izləmişəm. Oğlum da futbola azarkeşlik edir. Favoritim Braziliya yığmasıdır. Çünki həmişə qalib obrazı formalaşdırıb. Bu komandadan hər zaman qalibiyyət gözləyirəm, onlarda futbol oynamağa xüsusi istedad var. Ümumiyyətlə, ən böyük arzum budur ki, Braziliyaya gedib 5 gün qalım. Oranın insanları mənə maraqlıdır. Həm vaxt, həm də pul baxımından imkanım olsa, Braziliyanı çempion görmək istərdim və çempion olacaqlarına inanıram”.
Elnur: "Yox, izləməyəcəyəm. Dünya çempionatı məni izləyir? (Gülür) Vaxtımız olanda özümüzü izləyirik”.
Səməd Səmədov: "Çempionatı, əlbəttə, izləyəcəyəm. Favoritlərim İspaniya, Almaniya və Hollandiyadır. Qalib də elə bu komandalardan biri olacaq”.
Rəşad İlyasov: "Futbolla o qədər də maraqlanmıram. Yəqin ki, dünya çempionatını oğlumla birgə izləyərəm. Oğlum da, mən də İspaniyaya azarkeşlik edəcəyik. Braziliya, Fransa, Almaniya, İspaniya, Portuqaliya və İngiltərə həmişə öndə gedən komandalar olub. Yəqin ki, bunlardan biri çempion olar”.
Elariz Məmmədoğlu: "Yox, izləməyə vaxtım olmayacaq. Favoritlərim yoxdur, qalib kim olar, bilmirəm. Əvvəllər maraqlanırdım, indi vaxtım yoxdur”.
Skripkaçı Səlim: "Təbii ki, izləyəcəyəm. Dünən gecə saat 12-dən 2-dək meyxanaçı Vüqar, aktyor Fərda Xudaverdiyev və digərləri ilə birgə hamımız futbol oynamışıq. Təbii ki, dostlarla yığışıb oyunlara da baxacağıq. Braziliya ilə Xorvatiya arasındakı açılış oyunu maraqlı olacaq. Təbii ki, ən çox sevdiyim yığmalardan olan Argentinanın qalib olmasını istərdim. Bu komandanın şansı daha çoxdur. Bilirik ki, Braziliya həmişə favoritlər sırasında olub. Bir də gördün Afrika klubları gəlib keçdi, amma inanmıram çempion olsunlar. Favoritlərim Avropadan daha çox Almaniya, Hollandiya, Portuqaliya, Amerika qitəsindən isə Argentina və Braziliyadır. Heyf ki, qardaş Türkiyə iştirak etmir, etsəydi, azarkeşlik edəcəkdik. Hər zaman istəmişəm ki, Argentina və ya Hollandiya qalib gəlsin. Mənə elə gəlir ki, Messi çox çalışacaq ki, Argentina bu vəzifənin öhdəsindən gəlsin. Çünki o, bütün nailiyyətləri əldə edib. Ancaq dünya çempionluğu qalıb. Məncə, bu dəfə şansı əldən verməz.
Pişik Günel: "Dünya çempionatı? Nə vaxt başlayır ki? Başım uşağa qarışıb, yəqin ki, izləyə bilməyəcəyəm”.
Fərda Xudaverdiyev: "Əlbəttə, izləyəcəyəm. Çox istəyirəm ki, ya Braziliya, ya da Argentina çempion olsun. Deyirlər, Almaniyanın şansı daha çoxdur, amma ya Argentina qalib olacaq, ya da Braziliya. Saat fərqi və iqlim səbəbindən, məncə, Avropadan heç kim çempion ola bilməyəcək”.
Faytonçu Nazim: "Mütləq izləyəcəyəm. Argentina, Braziliya, Portuqaliya və Almaniya favoritlərimdir. Dünya çempionu kim olacaq? Bu, bir az çətin sualdır, indi deməyə çətinlik çəkirəm. Bu il komandaların çoxu ciddi hazırlaşıblar. Oyun həm Braziliyada keçirilir, həm də Braziliya çox iddialıdır. Amma düşünürəm ki, elə Portuqaliya qalib ola bilər”.
Meyxanaçı İntiqam: "Almaniya, İspaniya və Braziliya favoritlərimdir. Mənə elə gəlir ki, çempion Almaniya olacaq. Çoxdandır bu komanda çempion olmur. Mənə elə gəlir ki, finalda Braziliya ilə Almaniya üz-üzə gələcək. Biri Latın Amerikasından ola bilər, digəri isə Avropadan”.
Meyxanaçı Ehtiram: "Dünya çempionatında komandalar çoxdur, amma mən finalda Braziliyanı görürəm və inanıram ki, bu komanda çempion olacaq. Amma Rusiya yığmasına azarkeşlik edirəm. 100 faiz deyə bilərəm ki, finalda Braziliya ilə İspaniya qarşılaşacaq.
Sevinc XANQIZI