
Türkiyə I Liqasında XXII turun növbəti görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, lider "Kayserispor" ən yaxın izləyicisi "Adana Dəmirspor"u qəbul edib.
Görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev yenə sonadək "Kayserispor"un ehtiyat oyunçular skamyasında oturub.
"Karşıyaka" evdə autsayder "Orduspor"u darmadağın edib - 6:0. Millimizin müdafiəçisi Mahir Şükürov meydan sahiblərinin start heyətində yer almayıb. O, meydana 65-ci dəqiqədə daxil olub.
"Manisaspor" isə səfərdə "Antalyaspor"a yenilib - 0:1. Yığmamızın sabiq hücumçusu Branimir Subaşiç qonaq komandanın start heyətində yer alıb və 77-ci dəqiqədə əvəzlənib.
Bu nəticələrdən sonra "Kayserispor" 44 xalla 1-ci, "Karşıyaka" 33 xalla 5-ci, "Manisaspor" 20 xalla 16-cı pillədədir.