
"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu təyinatı ilə bağlı ilkin təəssüratlarını bölüşüb. Sporrtnet.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis gabalafc.az-a müsahibəsində yeni komandasında uğur qazanmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib.
Baş məşqçi köməkçiləri barədə də məlumat verib:
- Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdur. Məqsədə nail olmaq üçün işə uğurlu başlamaq önəmli şərtdir. Başlanğıc necə olursa, sonrası elə də davam edir. Özümə və komandama uğurlu mövsüm arzulayıram. Bu isə o deməkdir ki, nəticəmiz ötən mövsümdən yaxşı olsun. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.
- Qısa müddət sonra "Qəbələ"ni Avropa Liqasında çətin sınaq gözləyir...
- Avropa Liqasına az vaxt qalması böyük problem deyil. Önümüzdəki 2 həftə yarım zaman kəsiyi hazırlaşmağa kifayət edəcək. Vacib olan heyəti formalaşdırmaq, rəqabət qabiliyyətli komanda yaratmaqdır.
- Komanda üçün yaradılan şərait barədə məlumatlısınız?
- Buradakı hazırlıq şəraiti çox yaxşıdır. Əldə etdiyim məlumata görə, Qəbələdəki şərait də yüksək səviyyədədir. Rəhbərlik də həmişə komandaya yaxından dəstək olur. Bunlar vacib faktorlardır.
- Son olaraq məşqçilər korpusu barədə...
- Köməkçilərim qısa müddətdə kollektivə qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam.