"Bakı" klubu "2015 - 2020-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı" üçün təkliflər hazırlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, təkliflər Azərbaycanda klub futbolunun inkişafı istiqamətində tədbirlər görülməsi məqsədilə işlənilib. Y.Seyidov həmin təklifləri də səsləndirib:
- Stadionlar klubların balansına verilsin;
- Hər bir klubun bazasına işıq, su, qaz və digər kommunal xidmətlər kommersiya qiymətləri ilə deyil, güzəştli şərtlərlə satılsın;
- Sponsorlar klubları maliyyələşdirmək üçün stimullaşdırılsın;
- Yerli icra hakimiyyəti orqanları həmin ərazidə fəaliyyət göstərən klublara cüzi faizlə vəsaitin köçürülməsini ticarət və digər gəlir gətirən obyektlər hesabına təmin etsin;
- İş adamlarına bizneslə məşğuliyyət şəraiti yaradılarkən, həmin ərazidəki futbol klubuna dəstək olmaları təmin edilsin. Əvəzində klublar həmin sponsorları forma, stadion kənarı və bütövlükdə idman qurğusunda reklam etsin;
- Klublar Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətə çevrilsin;
- Əsas heyətlə yanaşı aşağı yaş qrupları üzrə komandalar da müntəzəm olaraq beynəlxalq turnir və təlim-məşq toplanışlarında iştirak etsin;
- Bütün klubların nəzdində futbol akademiyaları yaradılsın və məşq proqramları təhsil məsələləri ilə tənzimlənsin;
- Klublara güzəştli şərtlərlə uzunmüddətli kreditlər verilsin.
"Bakı" rəsmisi bildirib ki, bu məsələ Klublar Komitəsinin iclasında da qaldırılıb. Y.Seyidov növbəti 5 il üçün hazırlanacaq proqrama böyük ümidlərlə yanaşdıqlarını vurğulayıb.
Qeyd edək ki, ilk Dövlət Proqramının icrasına 2005-ci ildən başlanılıb. Həmin Proqramın icrası bu il başa çatır.