
"Hər şeydən əvvəl bugünkü qələbəyə görə hər kəsə təşəkkürümü bildirirəm. "Qəbələ" - "İnter" oyununda qeydə alınan nəticə də bizim lehimizə oldu. Bu səbəbdən, azarkeşlərimizi təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Reynaldo deyib.
Topaz Premyer Liqasının XXXIV turunda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edərək çempionluq qazanan Ağdam klubunun braziliyalı ulduz "Neftçi" ilə Azərbaycan Kubokunun final matçına da yaxşı motivasiya olacaqlarını bildirib: "Çempionluq bizim üçün yaxşı motivasiya olacaq. Son illər ilk dəfə finalda oynayacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, kubokda da qalib gələk".
Reynaldo Çempionlar Liqası barədə də fikirlərini bölüşüb: "Kubokun final matçından sonra istirahətə çəkiləcəyik. Artıq ondan sonra avrokuboklar haqda düşünəcəyik".
Ardıcıl 2-ci mövsüm çempionluq sevincini yaşamaqdan qürur duyduğunu bildirən hücumçu son turlar üzləşdikləri çətinliklərdən sonra hədəfə nail olduqlarını vurğulayıb. Reynaldo buna görə hamının xoşbəxt olduğunu söyləyib: "Arzu edirəm ki, həmişə özümüzü belə yaxşı hiss edək".