Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən "Neftçi” Futbol klubunun futbolçusu Valensio Flavinyo hazırlıq prosesini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən braziliyalı yarımmüdafiəçi məşqlərin yaxşı keçdiyini bildirib.
O, Avropa Liqasının II təsnifat mərhələsinə yaxşı hazırlaşmağı gərəkliyini söyləyib: "Hazırda lazımi formaya düşmək üçün güc yığıram. Özümü yaxşı hiss edirəm, məşqlərimiz də yaxşı keçir. Bir az ağırdır, yorğunluq olur. Çünki fiziki kondisiyamı bir az itirmişəm. Neçə gündür evdəyik, indi yenidən bərpa olunmaq, daha yaxşı və daha ciddi hazırlaşmaq lazımdır. Çünki qarşıda bizi Avroliqa gözləyir”.
31 yaşlı yarımmüdafiəçi gənc oyunçular üçün "Neftçi” klubunun yaxşı şans olduğunu vurğulayıb: "Özlərini "Neftçi” də göstərən futbolçuların yaxşı gələcəyi var. Bizdə cavanlar, bir də legionerlər var ki, hamısı təcrübəli oyunçulardır. İnanıram ki, uğur əldə edə bilərik”.
O, eyni zamanda gənc futbolçular arasında fərqlənənləri də açıqlayıb: "Konkret ad demək istəmirəm, digərləri pis ola bilər. Amma ayrıca Samir Məsimovu vurğulamaq istəyirəm. Yaxşı göstəricisi var. Axırıncı oyunlarda Ruslan Qurbanov yaxşı oynadı, bizim üçün vacib qollar vurdu. Kubokda və çempionatda özünü çox yaxşı göstərdi. Məncə, "Neftçi” nin çox perspektivli, yaxşı oyunçuları var”.
Flavinyo sonda Avroliqanın qrupuna düşəcəklərinə inandığını bildirib: "Keçən il bizim üçün çox təzyiqli oldu. 3 il idi ki, çempion idik. Çempionlar Liqasında qrupa düşmək istəyirdik, amma indi Avroliqanın qrupuna düşmə şansımız var. Əlimizdən gələni edəcəyik ki, buna nail olaq, keçən dəfəkindən də yaxşı oyun göstərək və qrupdan çıxaq. 2 il öncə də qrupa düşəndə heç kim inanmırdı. Bu sözlər bəlkə də gülünc çıxır, amma mən inanıram ki, biz bu dəfə də qrupa düşəcəyik”.