Sabah Avropa Liqasının finalında Ukraynanın "Dnepr" klubu ilə İspaniya "Sevilya"sı üz-üzə gələcək. Sportnet.az-ın məlumatına görə, Polşanın paytaxtı Varşavada baş tutacaq görüşə 9 mindən çox "Dnepr" azarkeşi gələcək.
Təşkilatçıların məlumatına əsasən, 91 ölkədən oyunun biletləri sifarış edilib. Ən çox üstünlük isə Ukrayna tərəfdarlarındadır.
UEFA-nın təqdim etdiyi paketin 9,2 min biletini "Dnepr" fanatları əldə edib. "Sevilya" tərəfdən isə 7,6 min bilet satın alınıb. Neytral sektorlarda isə 8 min polşalı futbolsevərlər olacaq. Təxminən 6 min bilet isə almanlar, italyanlar və ingilislər tərəfindən alınıb.
Final görüşündə 58 minə yaxın azarkeş olacağı gözlənilir.
Qeyd edək ki, "Dnepr" ilə "Sevilya" arasında keçiriləcək final görüşü sabah Bakı vaxtı ilə 23:45-da start götürəcək.