
"Qələbə qazanmaq istəyirdik. Kubokla oyundan öncə qələbə bizə çox vacib idi". Sportnetı.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının son turunda AZAL-la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
Çilili futbolçu son zamanlar qələbəyə həsrət qaldıqlarını bildirib: "Uzun zamandır çox böyük problemlərimiz var, qalib gələ bilmirik. Artıq sonuncu dəfə nə vaxt qələbə qazandığımız yadımda deyil. Deyəsən, 1 ay əvvəl "Simurq"la oyunda qalib gəlmişdik. Komanda bir araya gələ bilmir deyə qələbə qazana bilmirik. Ancaq elə düşünürəm ki, bu sonuncu dəfədir. Kubokun final oyununda istəyimizə nail olmağa çalışacağıq".
Komandanın uğursuzluqları səbəbindən oyuna azarkeşlərin az gəlməsini isə Kanales təbii qarşılayıb: "Komanda qələbə qazanmırsa, azarkeşlərdə oyuna gəlməyə həvəs qalmır".
"Futbolçularda oyuna can yandırmama səbəbi müqavilələrinin bitməsi ilə əlaqəli ola bilərmi?" sualına isə hücumçu belə cavab verib: "İlk 15 dəqiqədə topa toxunmadım. Top mənə gəlmədikdən sonra nə edə bilərəm? Bir az əsəbiləşmişdim. Biz peşəkarıq. Müqavilələrimiz hələ qüvvədədir. Kubok uğrunda da oynamalıyıq. Amma yeni müqavilə təklif olunmayıb. Bu səbəbdən, oynamaq daha çətindir. Problemlərdən biri də budur".
Son olaraq futbolçu "Neftçi"də qalıb-qalmayacağına atdınlıq gətirib: "Əgər "Neftçi"dən mənə təklif gəlsə, birinci dərəcəli olacaq. Ancaq hələ ki belə bir söhbət yoxdur. Başqa təkliflər var. Onları da analiz edirəm".