Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovun çıxış etdiyi Xorvatiyanın "Hayduk" (Split) komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, komandaya Damir Buriç başçılıq edəcək.
51 yaşlı mütəxəssis iyunun 1-də ictimaiyyətə təqdim olunacaq. O, yeni vəzifədə Harri Vukası əvəzləyəcək.
"Hayduk"un prezidenti Marin Brbiç yeni təyinaytla bağlı bunları deyib: "İlk olaraq, sabiq baş məşqçimizə çətin günlərdə komandamızın yanında olduğu və Avropa Liqasına vəsiqə qazandırdığı üçün minnətdaram. Ancaq yeni mövsümdən klubun qarşısına başqa məqsədlər qoyulub. Vukas bizimlə çalışacaq, ancaq başqa vəzifədə. Yeni baş məşqçiyə gəlincə, Buriçlə danışıqlar çoxdan gedirdi. Hesab edirik ki, Buriç ən yaxşı seçimdir və o, yeni mövsümdə bizi gözləyən digər məsələlərin həllinə cavabdeh olacaq".
Buriç isə müasir, xarakterli, dinamik və aqressiv komanda yaratmaq niyyətində olduğunu açıqlayıb. O, oyunçularla və komandadakı vəziyyətlə çox yaxından tanış olduğunu bildirib.
Qeyd edək ki, Damir Buriç 27 ilədək Almaniyada yaşayıb və həm futbolçu, həm də məşqçi kimi işləyib. O, "Valdhof Manheym", "İnqolştadt" kimi klubların şərəfini qoruyub. Buriç Kölnün "Hennes-Vaysfayler" akademiyasını bitirib və 26 yaşında "İnqolştadt"da oyunçu-məşqçi kimi çıxış edib. Futbolçu kayrerasını başa vurduqdan sonra Buriç 2011-ci ildə "Frayburq"un internat məktəbində məşqçi kimi çalışıb. Daha sonra həmin şəhərdə Folker Fink və Robin Dattla işləyib. Dattla Buriç "Bayer" (Leverkuzen) komandasında birgə çalışıb. Həmin vaxt bu klub Çempionlar Liqasının 1/8 final mərhələsində çıxış edirdi. Xorvatiyalı mütəxəssisin baş məşqçi kimi karyerası "Verder"də başlayıb. Sonradan Buriç İsraildə keçirilən Avropa çempionatında Almaniyanın U-21 millisində Raner Adrionun rəhbərliyi altında çalışıb.