
Bakıda sentyabrın 10-da start götürəcək şahmat üzrə Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilənin imzalanma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə əvvəlcə "Dünya Kuboku-2015" və "Bakı Şahmat Olimpiadası - 2016"nın Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov çıxış edib.
O, 2008-ci ildə Şahmatın İnkişafına dair Dövlət Proqramının imzalandığını xatırladaraq, bu növ üzrə dünyada yeganə proqramı olan ölkə kimi seçildiyini bildirib. M.Məmmədov kişi şahmatçıların nailiyyətlərindən danışarkən, milli komandanın 2 dəfə Avropa çempionu, "SOCAR Azerbaijan" klubunun isə iki dəfə Avropa çempionlar Kubokunun sahibi olduğunu vurğulayıb: "Hazırda hər iki kubok bizdədir".
Dünya Kubokundan danışan M.Məmmədov bildirib ki, 45 ölkədən 128 şahmatçının qatılacağı yarışın finalçıları İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar. O, hər bir iştirakçının pul mükafatına sahib olacağını və bütün vəsaiti Azərbaycan tərəfinin təmin edəcəyini açıqlayıb.
Ardından tərəfdaş şirkətlərlə müqavilələr imzalanıb.