Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2017" turnirində II turun oyunları keçirilir. Sportnet.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci yarış günündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.
İlk turda qara fiqurlarla ABŞ təmsilçisi Uesli Sonu yendkdən sonra daha bir güclü şahmatçı Karyakinlə heç-heçəni Məmmədyarov belə əsaslandırıb: "Karyakin çox güclü şahmatçıdır. Sözün əsl mənasında favoritlərdən biridir. Statistikaya nəzər salsaq, məhsuldar oyunlarımız heç-heçədən çox olub. Sadəcə, bu gün alınmadı. Debütdən üstünlük qazanmağa imkan verilmədi. Daimi şah vermək heç-heçəyə gətirdi. Etiraf edim ki, bir-birimizi çox yaxşı tanıyırıq. Ona görə rəqibi məğlub etmək çox çətindir".
32 yaşlı qrossmeyster hazırda bütün fikrinin karyerasında olduğunu söyləyib. Azərbaycan təmsilçisi dünya çempionluğu uğrunda mübarizə aparmaq istədiyini vurğulayıb: "İddiaçılar turnirində iştirak edərək uğur qazanmaq arzusundayam. Bəlkə gələcəkdə başqa sahədə çalışmaq barədə düşündüm. Amma həmişə şahmatda qalmaq istəyirəm. Fərq etmir şahmatçı və ya məşqçi kimi".
Məmmədyarov sabah İspaniya La Liqasında baş tutacaq "Real Madrid" - "Barselona" görüşünə baxacağını da deyib. Şahmatçı "Barselona"ya azarkeşlik edəcək.