Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ikinci turunda dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olan sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan) mətbuat konfransını yarımçıq tərk edib.
Yarışın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Anand konfransa gələn kimi getməli olduğunu bildirərək, öncə ona sual verilməsini istəyib. O, oyunu qısa şərh etdikdən sonra digər sualları cavablandırmadan və rəqibinin fikirlərini bildirməsini gözləmədən əsəbi halda konfransı tərk edib.
Qeyd edək ki, ikinci turdan sonra Vişvanatan Anandın aktivində 0.5 xal var. Maqnus Karlsen isə bu oyundan sonra xalını 1.5-ə yüksəldib.