"Çox şadam ki, Şəmkirə gəlmişəm, İlk dəfədir buradayam".
Sportnet.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın mərhum qrossmesteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirini izləmək üçün gələn Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç deyib. Şəmkirdə mətbuat konfransı keçirən rusiyalı funksioner yarış və yerli əhalidən razılıq ifadə edib: "Superturnir yüksək səviyyədə təşkil olunub, şəmkirlilər isə çox istiqanlıdır".
Dvorkoviç "ShamkirChess" iştirakçıları arasında dünya çempionu Maqnus Karlseni xüsusi fərqləndirib: "Karlsenin oyunu daha çox maraq doğurur. Əlbəttə, o, dünyanın ən güclü şahmatçısıdır. Burada əsas fərq budur. Onun fərqləndirici xüsusiyyəti partiyalar zamanı diqqətini maksimum dərəcədə öz oyununa kökləməsi və öz üzərində çox işləməsidir".