
"Komandamızın bugünkü nəticəsindən razıyıq. Amma əlbəttə, istərdik ki, 1500 metr məsafədə qızıl medalımız olsun. Çünki Süleyman İsmayılzadə buna hazır idi. Lakin doğma divarlar arasında bir qədər həyəcanlı oldu".
Bunu Sportnet.az-a açıqlamasında üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov bu gün əldə edilən nəticələr barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, ən yaxşı idmançıdan gözlədikləri nəticənin əldə olunmamasına baş məşqçi olaraq, bir qədər kədərlənib: "Buna baxmayaraq, inanıram ki, Süleyman bizi hələ yaxşı nəticələri ilə sevindirəcək. Növbəti günlərdə digər məsafələrə sərbəst üzmədə qızıl medal qazana bilər".
Əbdürəhmanov qızı Mehri Əbdürəhmanlının bürünc medalına sevindiklərini bildirib: "100 metr batterflay üsulundan ondan medal gözləmirdik. Amma öz gücünü topladı. Baxmayaraq ki, yarış öncəsi xəstəlik keçirmişdi, soyuqdəymələri olmuşdu. Çox sağ olsun. Özünə çox sağ ol deyirəm ki, özünə qalib gələ bildi. Komandamızın məşqçilər heyəti də çox sağ olsun ki, ona böyük dəstək oldular. Əsas məsələ odur ki, Mehrinin digər məsafələri də var. Gələn məsafələrdə öz nəticələrini yaxşılaşdıraraq, mükafata layiq yerlər tuta biləcək".
Baş məşqçinin sözlərinə görə, millinin tərkibinə yenicə daxil olmuş Yeqor Maynitski də həqiqətən çox yaxşı nəticə göstərib: "200 metr çox ağır məsafədir. Brass üsulundan çıxdıqdan sonra qarışıq üsulda bürünc medal əldə etdi. Təbrik edirik və ondan da böyük nəticələr gözləyirik".
O, digər üzgüçülərdən də müəyyən medallar gözlədiklərini açıqlayıb: "Eyni zamanda, medallarımızın əyarının daha yüksək olmasını istəyirik. Lakin bu, idmandır. İdmanda hər an hər cür hadisə baş verə bilər".