
Azərbaycan təmsilçiləri Çinin Nankin (Nanjing) şəhərində davam edən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının 3-cü yarış günündə də mübarizə aparıblar. Sportnet.az-ın məlumatına görə, əvvəlcə akademik avarçəkənimiz Boris Yotov 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yarımfinal yürüşünə qatılıb.
18 yaşlı idmançımız finişə 3 dəqiqə 23,85 saniyəyə çatıb. O, yalnız almaniyalı Tim Ole Naskedən 1,16 saniyə geri qalaraq, yürüşü 2-ci yerdə tamamlayıb. Qalan yerləri polşalı Matyuş Svitek (3:25.42), yeni zelandiyalı Cek O Liri (3:27.23), avstraliyalı Tomas Şramko (3:27.97) və argentinalı Joel Rabel (3:31.38) tutub.
İlk "3-lüy"ə düşməyi bacardığından, Boris Yotov Tim Ole Naske və Matyuş Sviteklə birgə əsas finala yüksəlib. Avqustun 20-də keçiriləcək həlledici yürüşdə avarçəkənimizin rəqibləri almaniyalı və polşalı idmançılardan əlavə, digər yarımqrupda ilk 3 yeri tutmuş kanadalı Dan de Qrut (3:22.77), böyük britaniyalı Kris Louri (3:24.13) və kubalı Orlando Sotolonqo (3:24.33) olacaq.
Taekvondoçumuz Gülhanım Yeşildağ (55 kq) isə elə 1/8 finala təsadüf edən ilk görüşdəcə italiyalı Lisia Martinyaniyə uduzaraq, mübarizəni dayandırıb. Görüş 6:6 hesablı heç-heçə ilə nəticələnsə də, hakimlərin qərarı ilə Martinyani qalib elan olunub.