
Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı medal qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, akademik avarçəkənimiz Boris Yotovdur.
18 yaşlı avarçəkən 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə finişə 3 dəqiqə 21,82 saniyəyə çataraq, gümüş medal qazanıb. Yotov olimpiya çempionluğuna da yaxın olub. Məsafənin yarısını o, hamıdan öndə keçib. Lakin finişə doğru liderliyini əldən verən avarçəkənimiz yekunda almaniyalı ikiqat dünya çempionu Tim Ole Naskeni özündən 0,6 saniyə irəli buraxıb. Bürünc medala isə 3 dəqiqə 22,21 saniyə nəticə ilə kanadalı Dan de Qrut layiq görülüb. Böyük britaniyalı Kris Louri
(3:23.89)
4-cü, polşalı Matyuş Svitek (3:28.31) 5-ci, kubalı Orlando Sotolonqo (3:32.14) 6-cı olub.
Beləliklə, ölkəmiz olimpiadada 4-cü medalını qazanıb. Daha öncə cüdoçularımızdan Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq), eləcə də taekvondoçumuz Ceren Özbek (44 kq) gümüş medal qazanıb.