Almaniyanın Krefeld şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, qitəmiqyaslı reqatada Azərbaycanı Cavidan Şirinov təmsil edib.
18 yaşlı idmançı 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılıb. O, 24 iştirakçı arasında 5-ci yeri tutub.
Seçmə mərhələdə Şirinov 7 dəqiqə 36,85 saniyəyə 1-ci çatıb və yarımfinala yüksəlib. Növbəti mərhələdə yeniyetmə avarçəkən 7 dəqiqə 27,93 saniyə nəticə ilə 3-cü olub. İlk "3-lüy"ə daxil olduğu üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.
Nəhayət, həlledici yürüşdə Şirinov 7 dəqiqə 31,95 saniyəlik göstərici ilə 5-ci yeri tutub. Almaniyalı Morits Volff (07:17.22), danimarkalı Bastian Zexer (07:20.39), polşalı Fabian Baranski (07:24.45) və italiyalı Danilo Amalfitanodan (07:27.56) geri qalan azərbaycanlı avarçəkən yalnız isveçrəli Yan Şöbleni (07:40.09) üstələyə bilib.
Qeyd edək ki, Avropa çempionatı 2 - 6 avqustda Litvanın Trakay şəhərində təşkil olunacaq və 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi böyük əhəmiyyət kəsb edib. Qarşıdakı mundialda 1 nəfərlik qayıqla yürüşdə ilk "5-liy"ə düşən avarçəkənlər olimpiadaya vəsiqə qazanacaqlar.