Avropa Liqasındakı qrup təmsilçilərimizdən ilk qələbəni qazanan "Qarabağ” oldu. Azərbaycan çempionunun Belçikanın ən titullu klubu olan "Anderlext” üzərində tarixi qalibiyyəti bir sıra maraqlı məqamlarla yadda qaldı. Gəlin, buna birgə nəzərə salaq.
İlk ev qələbəsi
Əvvəla, bu, nəinki "Qarabağ”ın, ümumiyyətlə, klublarımızın qrupda ilk ev qələbəsi kimi tarixə düşdü. Məlum olduğu kimi, bu mərhələdə ilk təmsilçimiz olan "Neftçi” 2012-ci ildə qazandığı 3 xalı 3 heç-heçəylə əldə etmişdi. Qrupda yeganə qələbəmizi ötən il "Qarabağ” səfərdə əldə etmişdi. Bu, 3-cü turda "Dnepr”lə Kiyev Olimpiya Stadionunda 1:0 hesablı nəticə olmuşdu. Göründüyü kimi, ilk ev qələbəsi də Ağdam təmsilçisindən və yenə 1:0-la gəldi.
4 oyun, 4-də də 1:0
Bu hesabdan söz düşdüsə, məhz belçikalılarla maraqlı bağlılığını qeyd etməliyəm. Məsələ ondadır ki, indiyədək bu ölkənin klublarıyla avrokuboklarda 4 dəfə üzləşmişik və hamısında evdə 1:0 hesablı qələbəmiz olub. Özü də bütün nəticələr Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınıb. Siftə məhz "Anderlext”lə olub. "Neftçi” 2005-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda bu komandaya moldovalı yarımmüdafiəçisi Vadim Boretsin penaltidən vurduğu qolla qalib gəlmişdi. Bundan 3 il sonra "Neftçi” İntertoto kubokunun II mərhələsinin cavab matçında "Jerminal”ı müdafiəçisi Elnur Allahverdiyevin qoluyla 1:0 hesabıyla yenib. Belçika klublarıyla son 2 sınağımız isə artıq "Qarabağ”la bağlıdır. 2011-ci ildə Bəxtiyar Soltanov öz qoluyla "Brügge”ylə oyunda ağdamlılara qələbə qazandırıb. Nəhayət, bu dəfə braziliyalı yarımmüdafiəçi Riçard Almeyda "Anderlext”lə matçda fərqlənib.
Almeydanın rekordu
Almeydadan söz düşmüşkən, o, Avropa Liqasında ardıcıl 4-cü oyundur meydanı qolsuz tərk etmir. Pley-offda İsveçrənin "Yanq Boyz” klubuyla hər 2 matçda fərqlənən 26 yaşlı legioner ardından qrupda qolları sıralayır. Onun Londonda "Tottenhem”ə vurduğu qol qrupda ilk turda ilk qolumuz kimi tarixə düşdü. Riçardın məhsuldarlığı cari turnirdə, qol seriyası isə avrokuboklar tariximizdə rekorddur.
Özü də Riçardın hələ ötən mövsüm "Qarabağ”ın qrupa düşməsində, orada uğurlu çıxışında böyük əməyi olsa da, qol vura bilməmişdi. Əslində, o, son turda mərkəzi arenamızda Milan "İnter”inin qapısına yol tapsa da, çexiyalı baş hakim Miroslav Zelinka bu aşkar qolu saymamaqla kobud səhvə yol vermişdi. Almeyda "Qarabağ”ın heyətində avrokuboklarda ilk qolunu isə 2013-cü ildə Avropa Liqasının III təsnifat mərhələsində Polşa "Pyast”ıyla ilk oyunda vurub. Göründüyü kimi, braziliyalı yalnız Avropa Liqasında fərqlənib və vurduğu qolların sayını artıq 5-ə çatdırıb.
Yalnız Rəşad Sadıqov
Belçika klublarıyla 1:0 hesablı qələbəmizlə nəticələnən hər 4 oyunda iştirak edən futbolçumuz var. Bu, "Qarabağ”ın 33 yaşlı kapitanı Rəşad Sadıqovdur. Ona "Anderlext”lə 10 il öncəki görüşdən tanış simalar var. Belə ki, Oliver Deşaxtla Entoni Vanden Borre 2005-ci ildəki matçda da rəqibin heyətində idilər. Ən maraqlısı isə "Anderlext”in albaniyalı baş məşqçisi Besnik Hasinin həmin vaxt komandada oynamasıdır.
Məlum olduğu kimi, qələbə "Qarabağ”ı turnir cədvəlində 2-ci pilləyə yüksəldib. Qurban Qurbanovun komandası ötən il də ilk qələbəsiylə bu yerə çıxa bilmişdi. Sadəcə, onda bu, 2-ci yox, 3-cü turda baş vermişdi.
Mehman SÜLEYMANOV
Mehman SÜLEYMANOV