"Biz indi elə bir dövrdə yaşayırıq ki, sabah nə olacağı bəlli deyil. Pandemiya adi insanlarla yanaşı, idmançılar üçün də gözlənilməz oldu. Bəziləri formasının zirvəsində olmağına baxmayaraq, uzun müddət məşq etmədi və formadan düşdü, təssüf ki, bəziləri hətta karyerasını bitirmək nöqtəsinə qədər gəlib çatdı".
Sportnet.az-ın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin baş katibi Rafaelle Paqnotsi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat xidmətinə müsahibəsində deyib.
O, Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsini arzuladığını bildirib: "Əminəm ki, Yaponiya hökuməti bunun üçün əlində olan bütün imkanları səfərbər edəcək".
Paqnotsi dekabrda Yeniyetmələr arasında Qış Olimpiya Oyunlarının keçirilməsini çox arzulamalarına baxmayaraq, təxirə salınmasına təssüfləndiyini də ifadə edib. Baş katibin sözlərinə görə, olimpiadanın hətta azarkeşsiz belə, baş tutması çox yaxşı olar: "Oyunların baş tutması, həmçinin böyük idmanın qayıdışı kimi də xarakterizə olunacaq. Bizim üçün olimpiada ilə yanaşı, Qış Olimpiya Oyunları da çox vacibdir. Amma indi Avropada vəziyyət fərqlidir. Bəzi ölkələr pandemiyadan daha çox, digərləri isə daha az təsirə məruz qalıb".
Paqnotsi bildirib ki, əllərindən gəldiyi qədər idmançılara kömək etməyə çalışacaqlar: "Onların fedarasiya rəsmiləri ilə daimi təmasdayıq. Bilirsiniz, bir il ərzində idmançılar çox şey itirib. Hələ ötən il zirvədə olanlar, indi həmin zirvədən o qədər uzaqdırlar ki... Avropa Olimpiya Komitəsinə daxil olan 50-yə yaxın ölkə var. Əlbəttə, bəziləri daha az, digərləri daha çox təsirləniblər. Düşünürəm ki, hamı kimi avropalılara da çətin olacaq. Ola bilər ki, sıralama alışdığımız kimi olmayacaq. Bir çox komanda pandemiya səbəbindən ənənəvi formasında deyil, amma yarışda onsuz da hamı əlindən gələni etməyə çalışacaq".
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.