Tokio-2020 Yay Olimpiya Oyunlarında hər bir idman növü üzrə yarışlar zamanı əvvəlki olimpiadaların səsli müşayiətindən istifadə olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.
O bildirib ki, idmançılar üçün müasir texnologiya - immersiv səs sistemindən istifadə olunacaq. Bu sistem idmançıların əvvəlki Oyunlardan qalan səsli dəstəyinə əsaslanacaq: "Hər bir idman növü üçün xarakterik səsli müşayiətdən istifadə olunacaq. İdmançılar özlərini Olimpiya Stadionundakı kimi - tamaşaçılar və azarkeşlərin əhatəsində hiss edəcəklər".
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul 8 avqustda keçiriləcək. Təşkilatçılar Oyunları əcnəbi azarkeşlər olmadan keçirməyə qərar veriblər. Yerli tamaşaçıları da Yaponiyanın 6 prefekturasında, o cümlədən Tokiodakı yarışlara buraxmayacaqlar.