
"Qonaqpərvərliyə və bizi belə xoş qəbul etdiyi üçün ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu voleybol üzrə Azərbaycan Yüksək Liqasının final oyunundan sonra jurnalistlərə açıqlamasında Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç deyib.
Onun sözlərinə görə, həm kişilər, həm də qadınların ifasında çox maraqlı final oyunları olub.
Sikiriç eyni zamanda Bakıda çox məhsuldar danışıqlar apardıqlarını bildirib. O, gələcəkdə də hər şeyin yüksək səviyyədə olmasına çalışacaqlarını açıqlayıb: "Səfərimin əsas məqsədi növbəti layihələrimizin müzakirəsi idi.
"Azərreyl" çimərlik voleybolunda uğurla çıxış edib. Bu sahəni inkişaf etdirmək bizim üçün çox önəmlidir. Eyni zamanda klassik voleybolu da nəzərdə tuturam.
Növbəti layihələr üzrə çox məhsuldar danışıqlar apardıq".
CEV prezidenti Azərbaycanın reytinq sıralamasına görə avrokuboklarda çıxış etməyi haqq etdiyini və layiqincə çıxış edəcəyinə ümidvar olduğunu da vurğulayıb.