
Azərbaycanı həndbol üzrə Avropa kubokunda təmsil edəcək klublar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.
Nüfuzlu yarışda iki kişi və iki qadın komanda mübarizə aparacaq. Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitə yarışına qatılacaq. Avropa kubokunda ilk mərhələdən azad olan komandalar mübarizəyə ikinci raunddan qoşulacaq. Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komandadan sonra iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər. İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə oktyabrın 18-19-da keçiriləcək.
Qadın həndbolçuların Avropa kubokunda isə Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcək. Burada 50 komanda yarışacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.