
Gəncədə III MDB Oyunları çərçivəsində 3x3 basketbol yarışlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, oğlanlar və qızlardan ibarət Azərbaycan yığma komandaları (U-17) yarımfinala yüksəlib.
“A” qrupunda yer alan oğlanlardan ibarət komanda (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı (21:13) və Qırğızıstanı (18:6) məğlub edib, amma Rusiyaya məğlub olublar (8:21). Qrupu ikinci yerdə tamamlayan yığma yarımfinala adlayıb. Yarımfinalda Azərbaycan yığması “B” qrupunu lider kimi tamamlayan Belarus millisi ilə qarşılaşacaq. İkinci yarımfinalda Rusiya Özbəkistanla qarşılaşacaq.
Qızlardan ibarət komanda (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana (13:16) məğlubiyyətlə başlasa da, ardıcıl qələbələr qazanaraq yarımfinala adını yazdırıb. Milli Qazaxıstanı (20:5), Rusiyanı (19:18) və Belarusu (18:17) məğlub edib.
Qızlardan ibarət turnirdə 5 komanda mübarizə aparıb. Turnir dairəvi sistemlə keçirilib və ilk dörd yeri tutan komandalar yarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerlə adlayıb. Finala gedən yolda rəqib Özbəkistan yığması olacaq. Digər yarımfinalda Rusiya Belarusla qarşılaşacaq.
Yarımfinallar, üçüncü yer uğrunda oyunlar və finallar sabah 16:00-dan etibarən keçiriləcək.