Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv G qrupunda son tur matçında səfərdə İsveçə uduzub - 0:3. Stokholmda təşkil olunmuş qarşılaşmanın ilk setini 25:13 hesablı üstünlüklə tamamlayan meydan sahibləri ikinci setdə müqavimətlə üzləşiblər. Lakin bu setdən 25:19 hesablı üstünlüklə ayrılan skandinaviyalılar üçüncünü də böyük fərqlə başa vurublar - 25:16.
Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib. Cəlalovun komandası daha çox - 3 qələbə qazandığı üçün 2-ci yeri tutub. Bununla belə, ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı "5-liy"ə Azərbaycan düşə bilməyib. Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib.
-----------------
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası bu gün tarixi oyuna çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda görüşdə İsveçin qonağı olacaq.
G qrupunda VI tur qarşılaşmasından öncə Azərbaycan millisi 8 xalla 2-ci, İsveç isə 5 xalla 3-cü pillədə qərarlaşıb. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. Hazırda Azərbaycan ən yaxşı ikincilər siyahısında 6-cıdır.
İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur İsveç üçün formal xarakter daşıyacaq. Azərbaycan isə 2:3 hesabı ilə uduzsa belə, mərhələ adlaya bilər. Bunun üçün ikincilər siyahısındakı 5 komanda - Makedoniya, Finlandiya, Monteneqro, Avstriya (hamısı 5 xal) və İsrail (4 xal) yığmalarından biri öz qruplarındakı son tur qarşılaşmalarında xal itirməlidirlər.
Azərbaycan final mərhələsinə vəsiqə qazansa, bu, kişilərdən ibarət yığma üçün tarixdə ilk olacaq.
Avropa çempionatı, seçmə mərhələ
G qrupu, VI tur
20:00. İsveç - Azərbaycan - 3:0 (25:13, 25:19, 25:16)
Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)
Stokholm, "Eriksdalshallen" voleybol salonu