Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının baş məşqçisi Covanni Kaprara Bakıda İspaniyaya 0:3 hesabı ilə uduzduqları Qızıl Avropa Liqasının II tur matçını şərh edib.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis rəqibi sürətli voleybol oynayan komanda kimi dəyərləndirib. Kaprara buna görüş zamanı bir daha şahid olduqlarını dilə gətirib.
"Onlar eyni zamanda bütün zonalarda da yaxşı oyun göstərdilər" deyən baş məşqçi buna baxmayaraq, komandasının çıxışından razılıq ifadə edib: "Biz bugünkü oyundan nəticə çıxararaq, Finlandiya ilə qarşılaşmaya daha ciddi hazırlaşmalıyıq. Növbəti rəqib də sürətli voleybol oynayan komandadır".
Voleybolçu Yana Əzimova isə İspaniyanı qələbə münasibəti ilə təbrik edib. O, səfərdə Belarusa qarşı keçirdikləri ilk matçla müqayisədə komanda oyunu göstərə bilməyərək, daha çox səhv etdilərini söyləyib: "Bu da rəqibin asan qələbə qazanmasına səbəb oldu. Yeni baş məşqçimizin rəhbərliyi altında daha çox çalışıb bu gün etdiyimiz səhvləri növbəti oyunlarda təkrarlamamağa səy götərəcəyik".