Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Olimpiya Təsnifat Turnirində iştirak üçün yollandığı Niderlandda ilk məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi oyunların keçiriləcəyi Apeldorn şəhərinin “Omnisport” Sarayında baş tutub.
Komanda baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında yüngül məşqlə kifayətlənib. Bu, azərbaycanlı voleybolçuların zala adaptasiya olması, həmçinin start heyətin formalaşması baxımından əhəmiyyət kəsb edib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir yanvarın 7-də start götürəcək. Olimpiadaya vəsiqənin sahibinin adına isə yanvarın 12-də aydınlıq gələcək. Azərbaycan millisi yarışda Niderland, Bolqarıstan və Polşa ilə birgə A qrupunda yer alıb.