"Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı. Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük".
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3x3 qadın basketbol millisi ilə qızıl medal qazanmış Dina Ulyanova deyib.
Azərbaycan millisi C qrupunda meydan sahibi Türkiyəni 14:12, Qırğızıstanı 21:4, 1/4 finalda Qətəri 21:2, yarımfinalda Özbəkistanı 16:7 və finalda Malini 21:6 hesabı ilə məğlub edərək İslamiadanın qalibi olub. Maraqlıdır ki, Azərbaycanın qadın basketbol millisi 5 il əvvəl Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da Maliyə 13:7 qalib gələrək qızıl medalları qazanmışdı.
Həmin komandanın da tərkibində yer almış Dina Ulyanova bildirib ki, Bakıda qalib gəlmək onlara daha çətin olub: "Bakıda daha çətin idi. Çünki öz azarkeşlərimiz önündə oynayırdıq, əlavə məsuliyyət hiss edirdik. Şadam ki, ardıcıl ikinci dəfə İslamiadanın qalibi olduq".