
Yeni yaradılan qadınlardan ibarət “DH Volley” komandasına Azərbaycan millisinin 5 voleybolçusu cəlb olunub.
Sportnet.az xəbər verir ki, bunlar Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nulufər Ağazadə və Raziyə Əliyevadır.
Jidkova ötən mövsüm Yüksək Liqanın gümüş medalçısı "Abşeron"un kapitanı olub.
Qalan voleybolçular isə çempion "Azərreyl"dən transfer olunub. Aynur İmanova həm də bu komandada kapitan funksiyasını yerinə yetirib.
Katerina Jidkova - Millinin voleybolçusu 9 il Azərbaycan klublarında mübarizə aparıb. Təcrübəli oyunçu Ukrayna, Rumıniya, Türkiyə, İtaliya, Macarıstan, İndoneziya və Vyetnamda forma geyinib. 2024/2025 mövsümündə “Abşeron”un kapitanı olmuş oyunçu ölkə kubokunun qalibi olub, liqanı 2-ci yerdə tamamlayıb. Milli komandalarla dünya çempionatı, CEV kuboku, İslam Həmrəyliyi Oyunları, Avropa Liqası kimi müxtəlif turnirlərdə iştirak edib.
Aynur İmanova - “Azərreyl” klubunda 10 il oynamış və komandanın kapitanı olmuş milli üzvü 2024/2025 mövsümündə çempion olub. 2006-cı ildən millidə forma geyinən İmanova 2006 və 2018-ci il dünya çempionatları ilə yanaşı, 6 Avropa çempionatında heyətdə olub. Həmçinin, 9 dəfə Azərbaycan Kubokunu və 5 dəfə Liqa Kubokunu qazanıb.
Ceyran İmanova - “Azərreyl”də 4 çempionluq yaşayan milli üzvü 2024/2025 mövsümündə yenə çempion olub. 6 il milli komandada yer alan Ceyran İmanova 2014-cü ildə dünya çempionatının seçmə mərhələlərinə qatılıb, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Nilufər Ağazadə - 2024/2025 mövsümündə “Azərreyl”də çempion olan milli üzvü CEV Challenge Cup turnirində də oynayıb. İki ildir Azərbaycan milli komandasında yer alan Ağazadə Avropa çempionatında da iştirak edib.
Raziyə Əliyeva - Beş ildir milli komandada yer alan oyunçu Yüksək Liqadakı son üç mövsümdə “Azərreyl”in heyətində çempion olub.
Qeyd edək ki, komandaya baş məşqçi təyin olunmuş Fərid Cəlalov 8 il Azərbaycanın kişilərdən ibarət millisinin baş məşqçisi olub. 4 il qadınlardan ibarət “İqtisadçı” voleybol komandasında məşqçilik edib. Keçmiş milli üzvü eyni zamanda yığmanın kapitanı olub. O, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında gümüş, 2018-ci il Türk Dünyası Universiadasında qızıl medal, 2016–2023-cü illərdə ardıcıl ölkə çempionluğu və kubok qalibiyyətləri əldə edib. Ona köməkçi-məşqçi qismində Vusal Rüstəmov yardımçı olacaq.